Bakı şəhər Nizami rayon sakini, Vətən Müharibəsi iştirakçısı Allahverdiyev Elvin Saday oğlu fevralın 19-u gecə saat 3 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən heç bir əsas olmadan həmin polis bölməsinə aparıldığını, təhqir olunduğunu, zorakılığa məruz qaldığını iddia edib.
Fevral ayının 25-də Yeniavaz.com-a müraciət edən A. Elvin iddia edib ki, həmin polis bölməsində ondan hədə-qorxu yolu ilə 500 azn alıb buraxıblar:
“İstifadəmdə olan, icarəyə götürdüyüm avtomobillə Sabunçu rayon Zabrat qəsəbəsi istiqamətində hərəkət edərkən,ərazi üzrə post-patrul xidmətinin əməkdaşları yolda məni saxladılar. Polis serjantı mənimlə kobud danışaraq avtomobilimdə əyləşib axtarış etməyə başladı. Sonra heç nə tapmadığını görüb, söyüşlə danışaraq məni və müştərilərimi Sabunçu rayon 15-ci Polis bölməsinə apardılar.
Polis bölməsində də adını bilmədiyim həmin serjant dəfələrlə “əclaf”, “narkoman” deyib məni təhqir etdi. Hətta zalımcasına başıma şillə ilə bir neçə dəfə vurdu. Sonra məni nəzarətxanaya saldılar. İçəridə olduğum vaxt təbii ehtiyacımı qarşılamaq üçün tualetə belə məni buraxmadılar. Daha sonra bir polis leytenantı məni çəkiliş kamerasının olmadığı yerə apardı. Məni bir neçə dəfə vuraraq hədə-qorxu gəldi. Sonra məni 2-ci mərtəbədə yerləşən təhqiqatçılar otağına apardılar. Orada adını bilmədiyim bir təhqiqatçı mənə bildirdi ki, "zəng et valideynlərin gəlsin, 500 manat pul gətirsinlər, yoxsa sənin üzünə şahid durub məhkəməyə verərək cinayət işi açdıracağam". Nə qədər dil tökdüm, xahiş etdim ki, maddi imkanım yoxdur, məni buraxın, gedim 200 manat borc alım gətirim. Lakin mənimlə razılaşmadı. Mən də valideynlərimə zəng edib, 15-ci Polis Bölməsində olduğumu və təcili olaraq 500 manat tapıb gətirməsini tələb etdim. Elə həmin gecənin səhəri atam məcburi halda faizi ilə borca pul götürüb onların dediyi 500 manat rüşvəti ödəyərək məni azadlığa buraxdırdı".
27 yaşlı Elvin bildirib ki, o, 29 sentyabr 2020-ci il tarixində Vətən Müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulub:
“Sürücü vəzifəsində Vətənimin azadlığı uğrunda başlamış müharibəyə qatılmışam. Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində olan döyüşlərdə çox fəal mübarizə aparmışam. Döyüş zamanı düşməndən qənimət olaraq 2 ədəd URAL, 1 ədəd BRDM zirehli kəşfiyyat-mühafizə maşını götürərək, Azərbaycan Ordusuna təhvil vermişəm. 3 yanvar 2021-ci il tarixində tərxis edilmişəm. Hərbi Xidmət dövründə aldığım psixi sarsıntılar səbəbindən həkim məsləhəti ilə psixiatrik dərmanlarla bir müddət müalicə almışam”.
Həmin tarixdə Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirlikdən məsələnin araşdırılacağı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilmişdi.
E. Allahverdiyev məsələ ilə bağlı bir daha Yeniavaz.com-a müraciət edib və bildirib ki, onu məsələ ilə bağlı həm Bakı Şəhər Baş Polis İdarəsinə, həm də Sabunçu Rayon 15-ci Polis Bölməsinə çağırıblar:
“Bakı Şəhər Baş Polis İdarəsinə çağırdılar, orada izahat yazdım və inspektorların rəisi ilə görüşdüm. Daha sonra isə Sabunçu rayon 15-ci Polis Bölməsinə getdim. Əvvəlcə rəis müavini ilə, daha sonra isə rəislə görüşdüm. Mənə qarşı zorakılıq edən və təhqir edən polis əməkdaşlarının üzr istəmələrini tələb etdim. Lakin heç kim məndən üzr istəmədi. Rəis dedi ki, bilirəm, hörmətsizlik ediblər, hörmət etməli idilər sənə, ən azından döyüşdən gəlmisən. Dedi ki, şəhidlərə qurban elə, yola ver, getsin. Bildirdi ki, onlar haqqında özü tədbir görəcək. Dedi, onu deyə bilməz, nə edəcək, amma özü tədbir görəcək.
Məndən aldıqları 500 manatı da qaytardılar, lakin atam o pulu faizi ilə borca götürmüşdü. Faiz isə 200 manatdır. O pulu mənə ödəmədilər. O faizi niyə mən öz cibimdən aparıb ödəməliyəm?”.
E. Allahverdiyev bildirib ki, mart ayının 1-ə qədər ondan üzr istəməsələr məhkəməyə müraciət edəcək:
“Mənim şəxsiyyətimi təhqir etdiklərinə görə məhkəməyə müraciət edəcəyəm. Öz vəzifəsindən istifadə edib başımdan vuraraq mənə “narkoman” deyib. Pulu tam ödəmədiklərinə görə də, məhkəməyə müraciət edəcəyəm”.
Yenidən Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən Yeniavaz.com-a bildirildi ki, DİN bu məsələyə rəsmi münasibət bildirməyəcək.