Prezident: "Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz"


“Qarabağda rəsmi dil məsələsi bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz: “Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymuruq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər.

Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölmələri var. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top