Mingəçevirdə Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilmişdir


Fevralın 26-da Şəhər İcra Hakimiyyəti və YAP Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilmişdir. 
Yeniavaz.com
xəbər verir ki, konfrans başlanmazdan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, hüquq mühafizə orqanları, partiya fəalları və xocalı nümayəndələri karantin rejiminin tələblərinə əməl etməklə Şəhidlər Xiyabanındakı Soyqırım abidəsi önünə gül dəstələri qoydular. 
Sonra Şəhər İcra Hakimiyyətində tədbir öz işini davam etdirdi. Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etgdi ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 29 il keçir. Mən xalqımıza bu faciəyə görə başsağlığı verirəm və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm. 
Allah rəhmət eləsin!
Bu günkü tədbirimizdə Xocalı soyqırımı haqqında öz fikirlərini bildirmək istəyən məruzəçilərimiz vardır. Mən onlara söz vermək istəyirəm. 
Tədbirdə Mingəçevir Dövlət Universiteti tarix müəllimi Tahirə Quliyeva, YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov, Gənclər evindən Aytac Abdullayeva, “Qarabağ Müharibəsi əlilləri, Veteranları, Şəhid ailələri İB şəhər şöbəsinin sədri Nizami Təhməzov çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər, istək və arzularını dilə gətirdilər. 
Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tədbirin işinə yekun vuraraq bildirdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir. 
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil. 
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Sonda onu da qeyd edək ki, şəhər icra hakimiyyəti tərəfindən Xocalı şəhid ailələrinə ərzaq bağlamaları da verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top