"Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də dəfələrlə demişəm. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əkisnə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir".
Yeniavaz.com xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransı zamanı Prezident İlham Əliyev deyib. O, müharibə dövründə erməni əsgərlərinin qoyub qaçdıqları yaşlı insanlarla Azərbaycanın rəftarını buna misal gətirib:
"Azad edilmiş kəndlərdən birində iki nəfər yaşlı insan qalmışdı, yiyəsiz. Dırnaqarası qəhrəman erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz bunları dövlət sərhədində təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə ermənilər yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu artıq xəstədir, bizim də buna baxmaq imkanımız yoxdur, bunun heç bir qohumu yoxdur, bunu biz əgər qəbul etsək, kim buna baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Qırmızı Xaç da bunun şahididir. İmtina etdilər ondan. O yaşlı kişi qaldı bizdə. Qırmızı Xaç onu bizim yardımımızla xəstəxanaya yerləşdirdi. Bütün səylərə baxmayaraq bir müddətdən sonra o rəhmətə getdi".