Prezident rus jurnalistin Füzuli aeroportu ilə bağlı sualını cavablandırıb


 “Yaxın zamanda aeroport istifadəyə veriləcək. Bu, beynəlxalq aeroport olacaq. Uçuş xətti hər növ təyyarələri qəbul edə biləcək. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında Rusiyanın “TASS” agentliyinin jurnalistinin “Qarabağda inşa etdiyiniz aeroport beynəlxalq olacaqmı?” sualını cavablandırarkən deyib. Prezident bildirib ki, Füzulidə aeroportun tikintisi başlayıb:
“Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Ancaq biz aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq”.
Prezident əlavə edib ki, aeroportla bərabar Şuşaya iki yol çəkilir:
“Onlardan biri mənim göstərişimlə “Zəfər yolu” adlandırılıb. Bu, o yoldur ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri meşələrdən və dərədən keçərək Şuşaya doğru hərəkət ediblər. İkinci yol isə daha aşağıda yerləşəcək, həmçinin aeroportdan birbaşa nəqliyyat imkanı yaranacaq.
Bizim aeroport tikintisi ilə bağlı planlarımız təkcə Füzuli ilə bitmir. Həmçinin Laçın və Zəngilan rayonlarında aeroport tikintisinə dair planlarımız var. Nəzərə alaq ki, Zəngilan çox vacib logistik mərkəzə çevriləcək. Bilirsiniz ki, 10 noyabr bəyanatının əsas maddələrindən biri Ermənistan ərazisi üzərindən Naxçıvan dəhlizinin açılmasıdır. Hansı ki, Azərbaycanı Naxçıvan MR və Türkiyə ilə bağlayacaq”.
 

DİGƏR XƏBƏRLƏR

Top