İlham Əliyev: “Noyabrın 10-da imzalanan bəyanat tam icra edilməlidir”


“Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar, indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən deyib. O bildirib ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq:
“Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Və mən bunu heç vaxt gizlətmirdim. Və dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə iş birliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda hal-hazırda böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər-hansı bir şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz, heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda”.
 

DİGƏR XƏBƏRLƏR

Top