Şəhid mayor Elnur Quliyevin xanımı: "Döş cibindəki sənədləri güllədən deşik-deşik idi" - FOTOLAR


Haqqında söhbət açacağımız şəxsi çoxumuz bu dialoqla tanımışdıq.
"- Ata, mayordan sonra hansı rütbə gəlir? - Şəhidlik rütbəsi..." 
Bu kiçik dialoq Azərbaycan Ordusunun şəhid mayoru Elnur Quliyev və oğlu Eldar arasında yaşanıb. 
Quliyev Elnur Eldar oglu 25 iyul 1984-cü ildə Füzuli şəhərində  anadan olub. 1993-cü ildə Füzuli şəhəri ermənilər tərəfindən işğal olunanda ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Həmin qəsəbənin orta məktəbində təhsil alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi  Məktəbinə qəbul olub. 2006-cı ildə akademiyadan artilleriya ixtisası üzrə məzun olub. Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində 2006-cı ildə 1 illik yerüstü artilleriya tağım komandiri kursuna başlayıb və 2007-2013-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə leytenat hərbi rütbəsi ilə  xidmətdə olub. 2013 – 2015–ci illərdə Gədəbəy rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edib. 2015-2019–cu  illərdə  Ağstafa rayonunda N saylı hərbi hissədə maddi-texniki təminat bölüyü komandirinin şəxsi heyətlə iş üzrə müavini olub, 2019-cu ildə Beyləqan rayonunda N saylı hərbi hissələrdə xidmətini davam etdirib. Xidməti dövründə mayor rütbəsinə yüksəlib. Divizyon komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışıb. Sonuncu xidməti vəzifəsi Beyləqan rayonunda N saylı əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini olub. 

Xidmət etdiyi müddətdə “Azərbaycan Respublikası silahlı qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası silahlı qüvvələrinin 95 illiyi” yubiley medalları, “Qüsursuz Xidmətə Görə”3-cü dərəcəli və “Qüsursuz Xidmətə Görə”2-ci dərəcəli medalları ilə təitif edilib. 
Ailəli olub. 1 oğlu, 1 qızı var. 
Şəhid Elnur Quliyevin həyatı və döyüş yolu ilə bağlı Yeniavaz.com-a həyat yoldaşı Afər Quliyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun zabiti Elnur Quliyev müharibə başlayan gündən ön cəbhəyə təxliyə rəisi vəzifəsinə təyin olunub. Vəzifəsinin geridə təxliyə prosesini idarə etmək olmasına baxmayaraq o, müharibənin ilk günlərindən etibarən kəşfiyyat qrupları ilə döyüşlərə qatılıb.

Füzuli və Cəbrayıl rayonlarının bir sıra kənd və yüksəkliklərinin azad edilməsində iştirak edib:
"Elnurgil sentyabrın 27-si döyüş bölgəsinə getdilər. Əvvəlcə bir şeyi deyim ki, Elnurgil əslən Füzulidən idi və məcburi surətdə torpaqlarından çıxarılmasını qüruruna yedirə bilmirdi. Döyüşün ilk günlərindən o, ön cəbhəyə təxliyə rəisi təyin edilib. Amma Elnur öz vəzifəsini icra etməkdən əlavə həm də müharibədə yaxından iştirak edib. Bunu sonradan döyüş yoldaşları bizə deyiblər ki, Elnur müharibə vaxtı "mənim doğma elim tapdaqdadır, gedib təxliyədə oturmayacağam ki" - deyib. Sonradan bizə bir videosu gəlib çatdı. Orda Elnur da var. Video yüksəkliklərdən birinin alınmasından sonra çəkilib. Döyüş yoldaşlarının əksəriyyəti şəhid olsa da, sağ qalanlar danışdı ki, Elnur bir dəqiqə də durmurdu, ancaq döyüşürdü. Hətta xüsusi təyinatlılara qoşulub, Horadizin, Qaraxanbəylinin alınmasında iştirak edib. Oktyabrın 2-də bunlara əmr gəlib ki, istiqamətləri Cəbrayıla tərəf olacaq. Füzulidə İlanlı dağ deyilən bir ərazi var. Həmin o yüksəklik uğrunda döyüşə girməli olublar. Bütün taborla mühasirəyə düşüblər. Hərbi hissənin komandiri də onlarla birgə olub. Plana əsasən mühasirəyə düşmüş taboru qurtarmaq üçün kimsə bir dəstə ilə irəli çıxmalı olub ki, heç olmaya geri qalanlar mühasirədən çıxsın. Burada 45-50 nəfərdən söhbət gedir. Orada hərbi hissə komandiri özü bu təhlükəni üzərinə götürərək təklif edib ki, "kim istəyir mənimlə gəlsin". 

Afər Quliyevanın sözlərinə görə, hərbi hissə komandirinin bu cəsurluğu tabeliyində olan döyüşçüləri daha cəsarətləndirib. Komandir o anda heç kimi məcbur etmək istəməyib ki, kim isə göz görə-görə ölümə atılsın:
"Komandir bilib ki, qabaqda snayper qrupu var. Ona görə sadəcə təklif edib ki, kim istəyir gəlsin. Elnur da irəli atılıb. Elnuru geri qaytarmaq istəyiblər ki, birbaşa döyüşə girmək onun işi deyil. Ona verilən əmr bundan ibarət olub ki, o tabordan geri qalan dəstəni yığıb geri qayıtsın. Amma Elnur razılaşmayıb. Mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri, Elnur və daha 4 nəfər döyüş yoldaşı birlikdə düşmənlə qeyri-bərabər döyüşə giriblər. Düşmən səngərinə keçərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, şəxsi heyəti xilas ediblər. Uzun müddət düşmənin irəliləməsinin qarşısını alıblar. Lakin qeyri- bərabər döyüşdə Elnur Quliyev və tabor komandiri Orxan Əkbərov (“Vətən müharibəsi qəhrəmanı”), eləcə də digər silahdaşları qəhrəmancasına şəhid olublar. Elnurgil oktyabrın 2-də şəhid olsalar da, onlarla bütün əlaqə kəsilib. Heç cür məlumat alınmayıb. Axtarışlardan sonra ayın 5-də tapılıblar. Onların cənazəsində həm snayper, həm də avtomat güllələrinin izi olub. Elnurun bütün sənədləri hamısı ürək tərəfdən döş cibində olub, hamısı güllədən deşik-deşik idi".

Afər xanım deyir ki, Elnurla axırıncı dəfə sentyabrın 25-i görüşüblər:
"Biz onunla danışanda müharibənin olacağını bilirdisə də, heç nə deməmişdi. Hardasa həmin gün səhər üzü 4-ə, 5-ə kimi danışmışdıq. Mən onun həyatına görə qorxurdum deyə demişdim ki,"əgər nəsə olsa, irəli getmə". O isə qarşılığında "nə danışırsan? Mən gizlənsəm, o papağı necə başıma qoyaram? Bu bizim torpağımız, namusumuz, qeyrətimizdir"- dedi və elə dediyi kimi də elədi. 
Afər xanımın Ali Baş Komandana müraciəti var ki, həyat yoldaşına "Vətən Müharibəsi Qəhrəmanı" adı verilsin. 
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ”Azərbaycan Bayrağı”ordeni, ”Vətən uğrunda” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub. 
Qeyd edək ki, Elnur Quluyevin əmisi Nazim Məiş oğlu Quliyev birinci Qarabağ müharibəsində bölmə komandiri vəzifəsində olub və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top