Mingəçevirdə ağacəkmə aksiyası keçirilib - FOTOLAR


“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bu gün Mingəçevirdə ağacəkmə aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi aksiyaya, ASAN Xidmət əməkdaşları, Mingəçevir Dövlət Universitetinin müəllim və tələbə heyəti, Mingəçevir Gənclər Evinin könüllüləri və ictimaiyyət nümayəndələri də qoşulub. Aksiyada Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində soyqrımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhərin Samux  küçəsində boş ərazilərdə  eldar şamı, akasiya və ağcaqayın cinslərindən olan 613 ədəd ağac əkilib. Qeyd edək ki, ağaclar mütəxəssislərin nəzarəti ilə aqrotexniki qaydalara uyğun olaraq əkilib.
Ağacəkmə  aksiyasında fəal iştirak edən gənc könüllülərdən MDU-nun tələbəsi Dağlar Babayev baş tutan aksiyada iştirak etdiklərinə görə qürur duyduqlarını bildirib. O, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində gənclərin fəal iştirakını dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalan ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşadılmasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönələn kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top