ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı daha bir il uzadılıb. Bu barədə ATƏT Daimi Şurasında ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastian Kurzun iştirakı ilə keçirilən xüsusi iclasda qərar verilib. Qeyd edək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir. İclasda S. Kurz bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər dialoqun və etimadın güclənməsinə xidmət etməlidir. O həmçinin bu gün təmas xəttində A. Kaspşikin iştirakı ilə bu ilin ilk monitorinqinin keçirildiyini qeyd edib: “ATƏT-in Minsk qrupunun həmsədrləri, şəxsi nümayəndəm Anjey Kaspşik və Yüksək Səviyyəli Planlaşma Qrupunun rəhbəri Hans Lampalzer bizim tam dəstəyimizə arxalana bilərlər. Bununla yanaşı biz münaqişənin həllinə cəlb olunmuş tərəflərin əməkdaşlıq üçün tam iradə göstərəcəyini gözləyirik”. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.APA