"Şəhid oğlumun adını kiçik qardaşına verdim"


Xocalı faciəsini yaşamış 80 yaşlı Baloğlan dayının həyat romanı
Xocalı soyqırımından 30 il keçsə də, onun ağrı-acıları hələ də ürəkləri sızladır. Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin, özü də birini yox, beşini, onunu, əllisini.., ya da əsirliyin fəlakətini yaşamasın... Xocalılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an vətən deyib sızlayırlar. Həmin müdhiş gecənin şahidlərindən biri də Mingəçevirdə məskunlaşmış 80 yaşlı Xocalı sakini Baloğlan Allahyarovdur. O gecə Baloğlan dayının yenicə ailə həyatı qurmuş oğlu Etibar, gəlini Çiçək və həyat yoldaşı qətlə yetiriliblər. Baloğlan dayının bundan başqa 30-dan çox qohum-əqrəbası da həmin gecə qətlə yetiriliblər. Ən dəhşətli anları bizə ürək ağrısı ilə danışan müsahibimizin ən ağır yarası bibisi oğlunun ermənilər tərəfindən diri-diri dərisinin soyulması idi. Müsahibimiz həmin gecə ermənilərin keçmiş sovet imperiyasına məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərində törətdikləri soyqırımı anlatdı: "Həmin gecə Xocalı od tutub yanırdı. Şəhər dünyada misli-bərabəri olmayan faciə yaşadı. Ermənilər həmişə dünyaya özlərini vəhşi bir xalq kimi tanıtmaqda davam ediblər. Mənim ürəyimə vurulan bu yara bu gün də qəlbimi göynədir. 50 yaşım vardı. İşimiz-gücümüz, gözəl dolanışığımız vardı. Erməninin murdar xisləti bizləri pərən-pərən saldı. Oğlum döyüşçü idi. Həmin gecə o, aeroport yolu tərəfə gedib və bu onun son gedişi olub, ondan sonra heç bir səs-soraq eşitmədik. Hər yerdə axtarmışam, amma oğlumdan bir xəbər ala bilmədik. Bu gün də qulağım səsdədir. Bəlkə Etibardan bir xəbər eşidərəm. İllər keçəndən sonra ona Xoçalının ilk şəhidi adı verildi. Kətik meşəsində gəlinimi və həyat yoldaşımı da itirdim. Onlar gəlinimi baş nahiyəsindən snayperlə ,yoldaşımı isə 5,45-lə vurdular. Hər ikisinin meyidi meşədə qaldı. Mən min bir əziyyətlə Ağdam çatdım. Onu da deyim ki,mən təsadüf nəticəsində sağ qaldım”.

Baş vermiş faciəni nəql etdikcə Baloğlan kişinin boğazı quruyurdu: “Ümumiyyətlə, həmin məşum gecənin dəhşətlərindən söz açanda günlərlə özümə gələ bilmirəm. Bir neçə müddət bundan öncə yenə insult keçirdim. Artıq gözlərimin də nurunu itirmişəm. Amma həmin faciəni yaşayan bir insan kimi bütün bunları deməliyəm ki, qoy gələcək nəsillərimiz ermənilərin necə vəhşi, riyakar, qaniçən olduğunu bilsinlər. Danışmalıyam ki, dünya Xocalı soyqırımına biganə qalmasın, ona beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilsin, baş verənlərə ikili standartlardan yanaşılmasın.”
Ayaqları donmuş vəziyyətdə, özünü minbir əziyyətlə Ağdama çatdırdığını vurğulayan müsahibimiz həmin gecə yaşanan dəhşətlərin bir an belə gözünün önündən getmədiyini söylədi. Az sonra isə dedi: “İnandırım sizi, ötən ilədək demək olar ki, hər gecə Xocalı soyqırımında vəhşicəsinə öldürülən tanıdığım şəxslər, o cümlədən ailə üzvlərim yuxuma girirdilər. Amma müzəffər ordumuzun şanlı qələbəsindən sonra, əgər belə demək mümkünsə, onların ruhları məndən əl çəkdilər. Görünür, qələbəmiz onlara da əyan olub”.
Ağdamda bir müddət qaldıqdan sonra Naftalan şəhərinə, sonra isə Mingəçevirin Yeni Həyat qəsəbəsinə üz tutduğunu, burada mənzillə təmin olunduğunu, yenidən ailə həyatı qurduğunu, Arzu adlı bir qız uşağını övladlığa götürdüyünü vurğulayan Baloğlan kişi sonradan dünyaya gəlmiş iki övladından birinə şəhid oğlu Etibarın adını verdiyini dilə gətirdi: “O, bu günlərdə hərbi xidmətini başa vurub, kiçik oğlum isə Mingəçevir Turizm Kollecinə qəbul olunub”.

 “Amma hələ də şəhərimizin yerlə yeksan edilməsi, insanların amansızlıqla qətlə yetirilməsi gözlərim önündən getmir” sözləri ilə söhbətini davam etdirən müsahibimiz onlara göstərilən qayğıdan da söz açdı. Dedi ki, bir Xocalı sakini kimi, dövlətimizin qayğısından məmnunam: “Hətta 2004-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci Vitse-Prezident Mehirban xanım Əliyeva Mingəçevir şəhərinə səfər edərkən mənim yaşadığımız evdə də olublar. Həmin görüşdə cənab Prezidentimizə başıma gələn müsibətlərdən söz açdım. İnandırım sizi, dövlətimizin başçısı mənə dedi ki, mən sənə deməyə söz tapa bilmirəm və məni dinlədikcə gözləri yaşardı. Şübhəsiz, nə qədər naz-nemət içərisində yaşasaq da, bizə nə qədər qayğı və diqqət göstərilsə də öz əvvəlki yurd-yuvamızın həsrətində olduğumuzu dövlətimizin başçısı gözlərimizdən oxudu. Prezidentimiz kiçik Etibarı qucağına alıb Xocalıda baş verən hadisələrə, o qanlı gecədə insanların düşdükləri əzab-əziyyətlərə toxunaraq bu hadisənin XX əsrin ən qanlı faciəsi olduğunu söylədi. Eyni zamanda bildirdi ki, Xocalı şəhidlərinin və ümumən şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan torpaqları tezliklə düşmən tapdağından azad ediləcək, sizin də həsrətinizə son qoyulacaq. Bununla da hamımızı sevindərəcək. Sevindirdi də… İnandırım sizi, Ali Baş Komandanımız İlham Əliyev ötən ilin noyabr ayında Zəfər xəbərini verəndə sevinc göz yaşlarıma hakim ola bilmədim. Elə bil mənə dünyaları bağışladılar. Qarabağı azad gördüyümə görə Yaradana şükr edirəm və istəkli Ali Baş Komandanımız üçün hər gün dua oxuyuram. Ümid edirəm ki, bu yaxınlarda uzun illər ayrı düşdüyüm Xocalıma, onun sakinlərinin, eləcə də ailə üzvlərimin şəhid olduqları həmin o meşəyə baş çəkəcəyəm. Həmin yerlər də bizi, öz həqiqi sahiblərini səbirsizliklə gözləyir”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top