Taksi sürücüsü 5 saat ərzində 13 dəfə radara düşüb – FOTO + AÇIQLAMA


Şəki rayon Kiçik Dəhnə kənd sakini Cəmilov Bəhruz Niymət oğluna Şəkidən Abşeronun Masazır qəsəbəsinə gəldiyi müddətdə 13 dəfə sürət həddini aşdığına dair borc bildirişi gəlib.
Bu barədə Yeniavz.com-a məlumat verən B. Cəmilov bildirib ki, 2016-cı ildən taksi sürücüsü kimi sözügedən yolu gedib-gəlir və bütün radarların yerinə bələddir:
“29 yanvarda saat 08:10-da Şəkidən çıxmışam. “Kürdəmir yolu” ilə gələrək saat 13:32-də Masazıra çatmışam. Bu yolda mənə radara düşdüymə dair 13 ədəd cərimə və 20 bal yazılıb. Cərimənin məbləği isə ümumilikdə 711 manat tutub. Mən isə sürət həddini aşmadığıma əminəm, bütün yol boyu 90-110 km sürət aralığında sürmüşəm. 2016-cı ildən bu yolu gedib-gəlirəm, taksi fəaliyyəti ilə məşğul oluram. Harada radar var, harada polis dayanıb, hamısının yerini bilirəm. Bununla bağlı Dövlət Yol Polisinə müraciət etmişəm, hələ heç bir cavab verilməyib. Fevralın 19-da mənə, Daxili İşlər Nazirliyindən müraciətimin baxılması üçün qəbul olunduğuna dair mesaj gəlib. 7 ay sürücülük hüququndan məhrum edilmişəm. Avtomobili texniki baxışdan keçirməliyəm, keçirə bilmirəm”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, rəsmi müraciət edilibsə sürücü DİN-in rəsmi cavabını gözləməlidir:
“Fevralın 19-dan hələ 4 gün keçib. O rəsmi müraciət edib, araşdırmanın nəticəsi barədə rəsmi də cavab veriləcək. Cavabı alandan sonra yenə də narazılığı olarsa, yuxarı orqanlara və məhkəməyə müraciət edə bilər. Hər bir halda rəsmi cavabı gözləməlidir. Ərizəyə 1 ay ərzində baxıla bilər. Gözləsin cavabı, o araşdırılacaq. İstisna deyil ki, qanun pozuntusu ola bilər. Əgər sürət həddi pozulubsa və xüsusi texniki vasitələr onu qeydə alıbsa, Şəkidən Masazıra gələnə qədər 13 dəfə cərimə yazıla bilər. 20 bal toplanıbsa 6 ay sürücülük hüququndan məhrum edilə bilər ki, bu da qanunvericikiyə uyğundur”.

DİGƏR XƏBƏRLƏR

Top