Ötən həftə sonu, fevralın 19-da Kiyevdə Azərbaycan vətəndaşı tərəfindən yolu keçərkən yumruqla vurulan və həyatını itirən piyada Ukrayna gömrüyünün əməkdaşı olub.
Bu haqda Ukrayna Dövlət Gömrük Xidmətinin rəhbəri Anatoli Makarenko özünün Facebook səhifəsində yazıb.
“Kornienko Vladislav Leonidoviç...
Təvazökar, dürüst adam. Kiyev gömrüyünün vicdanlı əməkdaşı. Kiyevin mərkəzində, fevralın 19-da piyada keçidində məhz onu öldürüblər. Bu faciənin kadrları bütün teleekranlarda yayıldı. Ümid edirəm ki, qatil təkcə yerdəki məhkəmə tərəfindən cəzalandırılmayacaq. Vladislav Leonidoviçə isə Allah rəhmət eləsin...”,-Ukrayna gömrüyünün rəhbərinin Facebook postunda bildirilir. Makarenko həmin əməkdaşın gömrükçü geyimində fotosunu da paylaşıb.
Xəbər verildiyi kimi, 1991-ci ildə anadan olmuş, Ukraynada yaşayış icazəsi olan və “Hyundai” avtomobili ilə Kiyevdə taksi fəaliyyəti göstərən Abdulla Əzizli adlı Azərbaycan vətəndaşı yolu keçən piyadanın yol vermədiyi üçün ona söyməsinə cavab olaraq yumruqlarını işə salıb. Abdulla həmin piyadaya özünün məhkəmədə dediyi kimi, iki yumruq atıb. Yumruqlardan biri onun sifətindən dəyib, Vladislav Kornienko yerə yıxılıb. Abdulla isə avtomobilə oturaraq hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn təcili yardım briqadası Kornienkonun öldüyünü təsbit edib, Abdulla çox keçmədən yaxalanıb. Şənbə günü Kiyev məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Abdulla deyib ki, piyada keçidinin qarşısında kəskin tormozlayıb, bu vaxt yolu keçən piyada ona irad bildirib və söyüş söyüb. “Məqsədim onu öldürmək deyildi, qorxutmaq üçün bir yumruq atdım, dəymədi, ikincisi sifətindən dəydi. Yerə yıxıldı, ola bilsin heç yumruqdan ölməyib, yerə yıxılanda başından zədə alıb”,-Abdulla məhkəmədə törətdiyi əmələ görə peşimanlıq ifadə edərək deyib.
Lakin Kornienkonun qızı məhkəmədə bu üzrxahlığı qəbul etməyib və atasının ölümünə səbəb olmuş taksi sürücüsünün sərt cəzalandırılmasını tələb edib. Qəsdən ağır xəsarət yetirmə, ölümə səbəb olmaqla ittihamı üzrə Abdullanı 10 ilə qədər həbs gözləyir.
Abdullanın Ukrayna vətəndaşı olan arvadı isə məhkəmədə deyib ki, onun əri indiyədək heç kimlə işi olmayan, istirahətsiz işləyib ailəsini dolandıran biri olub. Və hadisəni söyüş üstündə törədib, özünü ələ ala bilməyib və piyadanı vurub. //virtualaz.org