Bakıda bu məktəb 50 qəpiklik suyu 3,8 manata alır – MÜƏMMA


11 nömrəli İnteqrasiya Təlim İnternat Məktəbi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Epsilon Servis” MMC 11 nömrəli İnteqasiya Təlim İnternat Məktəbinin elan etdiyi tenderin qalibi olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Epsilon Servis” MMC 11 nömrəli İnteqasiya Təlim İnternat Məktəbinə 76 min manat dəyərində 20 min kub metr içməli su daşıyacaq. Rəqəmlərdən də göründyü kimi 1 kub metr içməli su üçün 3 manat 80 qəpik ödəniləcək.
Qeyd edək ki, bu qiymətlər “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,50 manat) müqayisədə dəfələrlə çoxdur.
Məlumat üçün bildirək ki, “Epsilon Servis” MMC bu ayın əvvəlində E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə keçirdiyi tender müsabiqəsinin də qalibi olub. Tenderin qalibi olan “Epsilon Servis” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda “Epsilon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11-də yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur.
Diqqət çəkən məqamlardan biri odur ki, “Epsilon Servis” MMC ilə eyni gündə - 08.06.2016-cı ildə qeydiyyata alınan “Dostluq Konsaltinq” MMC də daha əvvəl əvvəl "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədlə 6 nömrəli Respublika xüsusi internat məktəbilə müqavilə imzalayıb.
6 nömrəli Respublika xüsusi internat məktəbinin "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə keçirdiyi tenderin digər bir qalibi isə “Anar Servis” MMC olub.
Onu da bildirək ki, “Dostluq Konsaltinq” MMC ilə “Anar Servis” MMC eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79 – da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı da eynidir - “Dostluq Konsaltinq” MMC -nin qanuni təmsilçisi Miriyev Famil,  “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə.
Maraqlıdır ki, “Dostluq Konsaltinq” MMC ilə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə, qanuni təmsilçisi də eyni şəxs olan daha bir şirkət - “Dostluq Servis” MMC də qeydiyyatdan keçib.
“Dostluq Servis” MMC də 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbinə “İçməli su” satıb. Eyni tarixlərdə “Anar Servis” MMC ilə 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi arasında “Çirkab suyun daşınması” barədə müqavilə imzalanıb.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top