Deputat xəstəxanada ananın ölümü ilə bağlı yazdı: “Şöbədə əməlli “bazar”dır...”


Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümündə həkimləri günahlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə feysbuk hesabında yazaraq,  Gülnarə Hümmətovanın doğuş zamanı ölməsindən sonra onun üç azyaşlı körpəsinin anasız qaldığını qeyd edib:
Fevralın əvvəlində Salyan rayonunda baş vermiş ana ölümü barədə danışmaq istəyirəm. 32 yaşlı Hümmətova Gülnarə Mahir qızı Salyan rayonunun Dördlər kənd sakini idi. Faciəvi hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsində baş verib. Belə ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb, körpə ana bətnindən götürülüb. Və olanlar da bundan sonra başlayıb. İki gün sonra gənc ana qanaxmadan həyatını itirib. Doğuşdan iki gün sonra həyatını itirmiş gənc ananın 3 azyaşlı körpəsi qalıb. Anasız qalmış üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq”.
Millət vəkilinin sözlərinə görə, Gülnarənin valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə onları təqsirləndirirlər:
“Hesab edirəm ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır. Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır. Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər. Burada həm maddiyyat, hə də vaxt məfhumu böyük rol oynayır, desəm yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər həm də vaxt baxımından xəstəyə qeysəriyyə əməliyyatını məsləhət görürlər. Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır”.
O eyni zamanda həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtının çatdığını qeyd edib: “Nəyə görə 32 yaşlı Hümmətova Gülnarənin ölümünə görə Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü? Əlbəttə yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Və mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun olaraq hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”.
Qeyd edək ki, fevralın 5-də saat 21 radələrində Salyan rayon Mərkəzi Xəstəxanasında 32 yaşlı Hümmətova Gülnarə Mahir qızı qeysəriyyə ilə doğum prosesindən sonra ölüb.

DİGƏR XƏBƏRLƏR

Top