Oğru elə bağırdı...

Bu gün jurnalistikamızın ən böyük bəlalarından biri heç şübhəsiz adını jurnalist qoyub bu şərəfli peşəyə ləkə salan saxtakarların bolluğudur. Hətta sayları o qədər artıb ki, özlərini bu sahənin "ağaları", "sahibləri" hesab edirlər. Zəhmət çəkib araşdırıb, yazdığın yazıya göz görə-görə elə sahiblənirlər ki, özün özündən şübhələnirsən ki, bəlkə mən ondan götürmüşəm. Necə deyərlər, "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".

Dünən saytımızın yazarı Allahverdi Aydın "Ermənilərdən "Aprel döyüşü" etirafı: "Başa düşürdük ki, buradan heç kim sağ çıxmayacaq" adlı bir özəl xəbər hazırlayıb. Xəbər dünən saat 14:38-də saytımıza (yeniavaz.com) yerləşdirilib. (Xəbərin linki: http://www.yeniavaz.com/NewsContent/ZNewsContent/16055)

Xəbərimiz həm məzmunca, həm də əlavə olunan video ilə birlikdə oxucuların böyük marağına səbəb olub. Bunu fürsət bilən bəzi "xəbər saytları" məlumatı dərhal öz saytlarında yerləşdiriblər. Mənimsəyiblər desək, daha yerinə düşər. Nə bir istinad var, nə də bir qeyd. Bunlardan biri də "femida.az" saytıdır. Xəbəri, xəbərin şəklini (şəkil də bizim dizayner tərəfindən hazırlanıb - red.) videosunu olduğu kimi saytımızdan götürüb öz saytlarına yerləşdiriblər. Ancaq xəbərin heç bir yerində bu xəbərin mənbəsi barədə bir qeyd yoxdur. Əksinə, xəbəri öz adlarından təqdim ediblər.

Hətta "milli.az" saytı da həmin xəbərin "femida.az"a aid olduğunu düşünüb və xəbəri onlara istinad edərək yayımlayıb.

Məsələ ilə bağlı "Femida.az" saytına zəng vurduq. Bir xanım cavab verdi. Belə bir dialoq oldu:

- Salam, xanım.

- Salam.

- Sizə yeniavaz.com saytından zəng vururuq.

- Nə? Hardan?

- "Yeniavaz.com"

- Belə sayt var?

- Xanım saytınızda bir xəbər var, bizim yazıdır, götürmüsünüz, amma istinad etməmisiniz.

- Videonun üstündə loqonuz var da.

- Yazını öz adınızdan vermisiniz axı. O da bizə aiddir.

- Silərəm, heç o da olmaz. "Yeniavaz.com", görün hələ bir bundan sonra fəaliyyət göstərə biləcəksiz.

Xanım dəstəyi qoydu. Bir daha zəng vurduq. Bu dəfə xanım yazını özlərinin hazırladıqlarını iddia etməyə başladı.

Bir neçə dəqiqədən sonra isə xəbərin mətni və şəkli eyni qalsa da xəbərə aid bizim videomuzu başqa bir saytın videosu ilə əvəz edildi.

İşin tragikomik tərəfi də odur ki, sözügedən sayt ayın 11-i "Xəbər portalları hansı məsuliyyəti daşıyır?" adlı bir yazı da yayımlayıb. Başqasının zəhmətinə, əməyinə hörmətlə yanaşmayıb oğurluq edən bir sayt jurnalist məsuliyyətindən dəm vurur.

DİGƏR XƏBƏRLƏR

Top