Bizdən fərqli olaraq bu ölkələrdə metro fəaliyyətinə davam edir – SİYAHI


Bildiyiniz kimi koronavirus pandemiyasının yayılması səbəbilə dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir sıra sərtləşdirilmiş karantin tədbirləri tətbiq olunub. Həmin tədbirlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Belə ki, avtobuslar fəaliyyət göstərsələr belə 2020-ci il oktyabrın 19-dan bəri Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti koronavirus pandemiyası ilə əlaqədar fəaliyyəti dayandırılıb. Fevral ayının 1-dən kafe və ibtidai siniflərin, 15-dən etibarən  isə bir sıra universitet və bağçaların normal fəaliyyətə başlaması yerüstü nəqliyyatda problemlərə gətirib çıxardı. Yoluxma tendensiyasının azalması səbəbilə hissə-hissə yumşalmalara doğru gedilsə də, minlərlə insanın istifadə etdiyi metronun fəaliyyətə başlamaması dayanacaqlarda, avtobuslarda sıxlıq və izdihamların yaşanmasına səbəb olub. Bu hal da şübhəsiz ki, yenidən yoluxma hallarının artmasına və karantin qaydalarının sərtləşdirilməsinə səbəb ola bilər.  Bəs koronavirusun yayıldığı digər ölkələrdə vəziyyət necədir? İctimai nəqliyyat (avtobus, metro, tramvay və s) hansı ölkələrdə fəaliyyətini davam etdirir? 
Yeniavaz.com
ictimai nəqliyyatın işlədiyi ölkələrin siyahısını təqdim edir:
Siyahıya ilk olaraq qardaş ölkə Türkiyə ilə başlayaq. Sərt karantin qaydaları tətbiq edən ölkələrdən biri də 84 milyondan çox əhalisi olan Türkiyədir. Belə ki, sərtləşdirilməyə əsasən burada həftəsonu küçəyə çıxma qadağası olsa belə metrolar 15-20 dəqiqə fasilə ilə fəaliyyət göstərir. Bununla yanaşı, qadağa müddətində məcburi vəzifələri səbəbiylə tramvaydan istifadə edən vətəndaşlar üçün də tramvaylar öz fəaliyyətini davam etdirir. 
83 milyondan çox əhalisi olan Almaniyada da koronavirusa görə bir sıra karantin qaydaları tətbiq edilib və 7 marta qədər karantin rejimi uzadılıb. Kafe və restoranlar, məktəb və bağçalar bağlı olsa da ictimai nəqliyyat (avtobus, metro və s.) tam fəaliyyət göstərir. Lakin ticarət mərkəzlərində, aptek və marketlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə zəruriliyi davam edir. Gözəllik salonları və bərbərlərin isə 1 mart tarixindən fəaliyyətə başlaması nəzərdə tutulub. Qeyd edək ki, 16 dekabr 2020 tarixindən etibarən Almaniyada koronavirus səbəbiylə bazar, aptek, bank, yanacaq doldurma məntəqələri kimi əsas ehtiyacları təmin edən müəssisələrdən başqa bütün mağazalar bağlanılıb. 
Koronavirusun pik həddə çatdığı ölkələrdən biri də Rusiyadır. Burada da paytaxt Moskva şəhəri daxil olmaqla bir sıra şəhərlərdə karantin rejimi tədbirləri tətbiq edilib. Moskva Nəqliyyat Departamentinin verdiyi açıqlamaya görə, Moskva metrosu normal rejimdə yenidən fəaliyyətə başlayıb. Qeyd edək ki, Mosvka şəhərinin 12 milyondan çox əhalisi var.  Rusiyanın isə ümumilikdə əhali sayı 146 milyondan çoxdur. 
331 milyondan çox əhalisi olan ABŞ-da da ictimai nəqliyyat tam fəaliyyət göstərir. Belə ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi açqılamaya görə, bütün ictimai nəqliyyat fəaliyyət göstərsə də ( avtobus, metro, gəmi və s.) maska taxmaq məcburidir. 
Koronacirusun ilk başlandığı və 1.4 milyard əhalisi olan Çində ictimai nəqliyyata heç bir məhdudiyyət tətbiq olunmayıb. Hətta orada həyat tam normala qayıdıb deyə bilərik. Belə ki,  bütün mağazalar, müəssisələr açıqdır, komendant saatı yoxdur və açıq havada maska ​​taxmaq məcburi deyil. Yalnız metroya və avtobusa minərkən maska ​​taxmaq məcburi sayılır. Bununla yanaşı Çinin paytaxtı Pekində koronavirusa görə metrolarda dezinfeksiya işlərini yerinə yetirmək üçün robotlar fəaliyyətə başlayıb.   
3 milyondan çox əhalisi olan Gürcüstanda isə hökumətin qərarı ilə 8 fevraldan etibarən ictimai nəqliyyat vasitələrinin (avtobus, metro və s.) fəaliyyətinə icazə verilib. 15 fevraldan etibarən isə bütün məktəblərdə ənənəvi tədris və ölkənin bütün restoran və kafeləri fəaliyyətə başlayıb. Lakin 2020-ci ilin noyabr ayından bəri saat 21.00-05.00 arasında tətbiq olunan komendat rejimi qadağası isə mart ayına qədər davam edəcək. 
Qeyd edək ki, 10 milyondan çox əhalisi olan Azərbaycanda bir aydan çoxdur vaksinasiya prosesinə başlanılsa da metronun fəaliyyəti məsələsi öz həllini tapmayıb.  

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top