Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - VİDEO + YENİLƏNİB


Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

Yeniavaz.com xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində olub, şəhidin ailə üzvləri ilə görüşüb, məzarını ziyarət edərək önünə Müdafiə Nazirliyi adından çələng qoyub.

Məlumat verilib ki, zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından əsgər çəkməsi geyinərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nda peşəkarlığını daha da artırıb.

Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə yüksəlib.

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman, qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Polkovnik A.Qurbani ötən ilin dekabr ayının 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” adlı tədbir barədə danışaraq qeyd edib ki, həmin tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi. Türkiyə-Azərbaycan birgə təlimlərinə həsr olunmuş fotosərgidə Hulusi Akarın baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu tablo qarşısında onun Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq üç gün sonra şəhid olması xəbəri Türkiyənin Milli Müdafiə nazirini, eləcə də sərgi izləyicilərini son dərəcə kədərləndirib və Türkiyəyə qayıtdıqdan sonra hörmətli Hulusi Akar Məmiyevlər ailəsinə belə bir məktub ünvanlayıb:

“Şəhid baş leytenant Valeh Məmiyevin hörmətli ailəsinə

Əziz, qiymətli Məmiyevlər ailəsi,

Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı öz torpaqlarını qurtardığı 44 günlük dastana dönən mücadiləsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzmüşdür.

Baş leytenant V.Məmiyev Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutmuş və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalmışdır.
Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaqdır. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaqdır.

“İki dövlət, tək millət” olan Türkiyə və Azərbaycan kədərdə və sevincdə birdir, bərabərdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanlarıyla sonuna qədər Azərbaycan Türkü qardaşlarımızın yanında olmağa davam edəcəkdir.

Şəxsən və Milli Müdafiə Nazirliyi əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbr diləyir, başsağlığı verirəm.

Münasib bir vaxtda əziz şəhidimizin qiymətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və sayğılarımla, Hulusi Akar”.

Şəhidin qardaşı Vüsal Məmiyev deyib:

“Ötən ilin avqustunda Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərindən az sonra rayona qısamüddətli məzuniyyətə gəlmişdi. Mən də həmin gün kənddə idim. Birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçularının və bölmələrinin yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiklərindən, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarından və bu əmri səbirsizliklə gözlədiklərindən həvəslə danışırdı.

Türkiyənin Milli Müdafiə naziri hörmətli Hulusi Akarla görüş onun həyatında unudulmaz bir iz buraxmışdı.

Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi günü”ndə qardaş Türkiyənin Milli Müdafiə nazirinin Valehi şəxsən qiymətli hədiyyə ilə mükafatlandırması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mücadilədə ona uğurlar arzulaması Valehin döyüş ruhunu, qələbəyə inamını daha da yüksəltmişdi. O, cənab Hulusi Akara söz vermişdi ki, Türkiyə hərbçiləri ilə birgə təlimlərdə qazandıqları uğurları döyüş meydanında təkrarlayacaq və bu yüksək etimadı Vətənə sədaqətli xidməti ilə doğruldacaq, son damla qanınadək vuruşaraq düşmən üzərində qələbə çalacaqdır. Qardaşım sözünə, vədinə əməl etdi. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında başımızı göylərə ucaltdı”.

Tükiyənin Milli Müdafiə nazirinin məktubunu ehtiram hissi ilə qəbul edən şəhidin atası İsbat Məmiyev deyib:

“Yeni ilin ilk günlərində hörmətli Hulusi Akar telefon açaraq ailəmizin hər bir üzvü ilə ayrılıqda danışdı. Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi. Yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “iki dövlət, bir millət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik.”

Qardaş Türkiyənin Milli Müdafiə nazirinin Azərbaycanın ucqar dağ kəndində yaşayan şəhid ailəsinə göndərdiyi səmimiyyətlə dolu bu məktub bütün kənd sakinlərinin böyük sevgisi ilə qarşılanıb. Məmiyevlər ailəsi hörmətli Hulusi Akara cavab məktubu ünvanlayıblar.



*** 14:32

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın işğal altında olan torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid tankçı baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, sözügedən məktub şəhidin ailəsinə Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi polkovnik Abdulla Qurbani tərəfindən təqdim olunub.
Akar məktubunda Azərbaycan Ordusunun 44 günlük müharibəsi vaxtı ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olmasından kədərləndiyini bildirib:
“Ermənistanın işğalı altında olan əraziləri xilas edən şanlı Azərbaycan Ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması xəbəri bizi çox kədərləndirib. Vətən toprağını işğaldan qurtaracağına söz verən və sözünə sadiq qalan baş leytenant Valeh Mamiyev, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunması vaxtı şəhidlik zirvəsinə ucalıb. Şəhid və qazilərimizin cəsarət, qəhramanlıq və fədakarlıqları əsla unudulmayacaq”.
Türkiyənin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını bildirən Hulusi Akar Məmiyev ailəsini Türkiyəyə dəvət edib.
Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktuba görə Akara təşəkkür edib. Son damla qanına qədər mübarizə apararaq sözünün üstündə duran qardaşı ilə fəxr etdiyini vurğulayıb. Məmiyevlər ailəsi də Hulusi Akara cavab məktubu göndərib.
Valeh Məmiyev müalicə aldığı vaxt, “indi məqsədimə çatdım, qardaş Türkiyənin Müdafiə naziri Akara verdiyim sözə əməl etdim, Vətən sağ olsun”-deyərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, baş leytenant Məmiyev 13 Avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin birgə tətbiqatında müvəffəqiyyətlə iştirak edib. Türkiyənin Milli Müdafiə Naziri ilə Valeh Məmiyev arasında qısa dialoq yaranmışdı:
Hulusi Akar “Tətbiqatda gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Müvəffəqiyyətinizi döyüş meydanında sübut etməlisiniz” deyərək Məmiyevə səslənib.
Baş leytenant isə Azərbaycanın Ali Baş Komandandan əmr gözlədiklərini bildirib:
“Əmr gələn kimi torpaqlarımızı xilas edəcəyik və tələbinizi yerinə yetirəcəyik”- deyə cavab verib.



DİGƏR XƏBƏRLƏR

Top