Məktəbdə şagirdin hicab taxmasına qadağa varmı? – Ekspert AÇIQLADI


Xəbər verdiyimiz kimi sosial şəbəkədə Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbər yayılmışdı. Abşeron rayon Təhsil İdarəsi bununla bağlı açıqlama verərək, valideyn və direktor arasında heç bir insident yaşanmadığını və 7-ci sinif şagirdinin növbəti dərs günündən etibarən tədrisə davam edəcəyini bildirib.
Məktəb direktoru Taliyə Mirzəyeva məsələ ilə bağlı "Yeniçağ"a açıqlama verərək bildirib ki, məktəbdə hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb:
“Məktəbimizdə 1300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi, soyundu, çıxdı. Heç bir şiddət ola bilməz”.
Bəs şagirdin hicab taxması onun təhsil almasına maneə ola bilərmi? Ümumiyyətlə qanunda məktəbdə hicab taxılmağın qadağan olunması qeyd olunubmu?

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Təhsil eksperti Kamran Əsədov təhsil haqqında qanunda hicaba məhdudiyyətlə bağlı heç bir qadağanın olmadığını bildirdi: 
"Azərbaycan tolerant dövlətdir və hər kəsin dini azadlığı var. Təhsil haqqında qanuna görə, orta ümumtəhsil məktəblərində hər hansı bir direktor şagird və ya müəllimə qarşı fiziki tədbir görə bilməz. Onun başından nə hicabı aça, nə də geyimlə bağlı məhdudiyyətlər tətbiq edə bilər. Bunlar pedoqoji şuranın qərarına əsaslanır. Çox təəssüflər olsun ki, məktəb direktorları normativ hüquqi qaydalara uyğun olmayan addımlar atırlar və özbaşına qərarlar qəbul edirlər. 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanun və orta ümumtəhsil məktəbləri haqqında nizamnamədə qeyd olunur ki, məktəbli formaları öncədən müəyyənləşdirilmiş formada olmalıdır. Hicab qadağası da heç bir qanunda nəzərdə tutulmayıb. Şagird özünün dini inanclarına, valideynin seçiminə uyğun olaraq hicabdan istifadə edə bilər. Tədris ilinin əvvəlində məktəbli forması ilə bağlı eskizlər qəbul ediləndə hicab taxan şagirdlər üçün də nümunələr hazırlanmalıdır. Təbii ki, bu zaman hicab mütləq məktəbli formasına uyğunlaşdırılmalıdır. Bu gün direktorlarımız bu məsələdən kənardırlar, çünki onlar öz maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün bu vəzifəyə gəlirlər. Buna görə də qanunvericilik aktlarına əməl etmirlər. 
Azərbaycanda kifayət qədər 700 bal yığan məktəbli var ki, onlar hicab taxırlar. Başın hicabla örtürlməsi heç bir halda təhsilin keyfiyyətinə təsir göstərə bilməz. Eyni zamanda digər sahələrdə də uğur qazanan hicablı xanımlar var. Yenə də qeyd edirəm, dini seçiminə görə, məktəbə girişə qadağa qoyula bilməz. Direktorun buna haqqı odur. Bu  dövlətin icbari və məcburi öhdəliyidir ki, məktəbdə şagirdin təhsil alma hüququnu təmin etsin. Direktorun bu addımı təhsil işçisinə yaraşmayan addımdır, qanunsuzdur və vətəndaşın konstitusion haqlarının tapdanması deməkdir. Ümid edirəm ki, direktor bununla bağlı cəzalandırılacaq. Hətta cinayət məcəlləsində də qeyd olunub ki, bir şəxsin təhsil alma hüququndan məhrum edilməsi cinayət hadisəsidir. Hesab edirəm ki, aidiyyatı qurumlar lazımi addımları atacaqlar”. 

Ekspert eyni zamanda son illər direktorların qanunları pozması hallarına da münasibət bildirdi:
“Son üç ilə fikir versək, tək direktorlar deyil, təhsil şöbələrində belə kifayət qədər hüququ pozma halları var, çünki həmin yerlərdə nəzarət və cəza mexanizmi yoxdur. Elə məktəblər var ki, orada qəbul və buraxılış imtahanlarının nəticələri aşağıdır, hətta heç bir şagirdi universitetə qəbul olmayan məktəblər də var. Mütləq məktəblərə nəzarət olmalı və cəza mexanizmi tətbiq edilməlidir”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top