"Bakıdakı əsgərlə cəbhədəki əsgərin maaşı eyni ola bilməz" – Deputatlardan AÇIQLAMA


Yanvar ayının 22-də sosial şəbəkələrdə Laçında xidmət edən hərbçimizin prezident İlham Əliyev və Müdafiə Nazirliyinə videomüraciəti yayıldı. Məlum oldu ki, cəbhə zonasında xidmət edən hərbi qulluqçuların daha əvvəl döyüş şəraitində aldıqları əməkhaqqı yarı-yarıya azaldılıb. Məsələ ilə bağlı Maliyyə Nazirliyi açıqlama yaydı və bildirdi ki, bu hal qanunauyğun tənzimlənib. Məlumatda qeyd olunurdu ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən, döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır. Məsələ burasındadır ki, Vətən Müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən hərbçilərimiz onlarla müraciətlər yayaraq xidmət etdikləri şəraitin çətinliyindən və maddi-təminatın tam təmin edilməməsindən narazılıqlarını dilə gətiriblər. Həmçinin, hələ də işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə işləri aparılır ki, buda vəziyyətin hələ də gərgin olaraq qalmasını deməyə əsas verir.

Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Laçında, Kəlbəcərdə xidmət aparan hərbçilərin əməkhaqqı ilə Azərbaycanın şəraiti yaxşı olan hərbi hissələrində xidmət aparan hərbçilərinin əməkhaqları arasında fərq olmalıdır:
"Döyüşdən sonra gərgin iş şəraiti mövcuddur. Çünki terrorçular tamamilə Azərbayandan qovulub, məhv edilib, sona çatmayıbdır. Ona görə döyüş şəraitinə uyğun olaraq fərqli yanaşma olmalıdır. Əməkhaqqı da, verilən vəsait də, döyüş müddətindən və sülh dövründən fərqli olmalıdır. Hərbi xidmətdə olan zabitlərimizin xidmət vəziyyətinin tamamilə başqa bir durumda olması, heç şübhəsiz ki, onların əməkhaqqının yüksək olmasını şərtləndirir. Azərbaycanın yüksək şəraiti olan kazarmalarında, hava şəraiti normal olan yerlərdə xidmət göstərən zabitlərlə, Laçında və ya Kəlbəcərdə çox ağır şəraitdə xidmət edən zabitlərimizin əməkhaqqı tamamilə fərqli olmalıdır. Məncə belədir. Əgər belə deyilsə, bu, belə olmalıdır”.

Fəzail Ağamalı bununla bağlı Milli Məclisin növbəti iclaslarından birində Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət edəcəyini bildirib:
“Xahiş edəcəyəm ki, məsələyə aydınlıq gətirsin ki, hər kəs bilsin. Əgər bu baxımdan qanunda müəyyən dəyişikliklərə ehtiyac varsa, biz o dəyişikliyi etməliyik.  Etməliyik ki, hər bir zabitimiz və öz faəliyyətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirən soydaşlarımız xidmətin səviyyəsinə və onun çətinliklərinə görə adekvat əməkhaqqı ilə təmin olunsunlar. Mənə elə gəlir ki, bu, cəmiyyətdə kifayət qədər aktualdır. Dəfələrlə bununla bağlı məsələlər həm saytlarda, həm də sosial şəbəkələrdə önə çəkilib. Məncə buna ciddi aydınlıq gətirməyə ehtiyac var”.

Millət vəkili Aqil Abbas isə artıq bununla bağlı millət vəkillərinin Nazirlər Kabinetinə müraciət etdiklərini bildirib:
“Hər halda Kəlbəcərdə, Şuşada qulluq edən hərbçilər və polis işçilərinin maaşlarının azaldılması düzgün deyil. Onlarla Bakıdakı, Gəncədəki və ya hansısa rahat bir bölgədəki əsgərin və ya polisin maaşı eyni ola bilməz. Bu mənim fikrimdir, vəssəlam. Deputatlar bununla bağlı maaşların qaldırılması üçün Nazirlər Kabinetinə müraciət ediblər. Çıxışlarımızda mən və həmkarlarım bunu səsləndirmişik. Mətbuat vasitəsilə etirazımızı da bildirmişik".

Milli Məclisin deputatlarından Nizami Cəfərov isə bildirib ki, mübahisə olunacaq məsələ yoxdur və bu, dövlətin nəzarətindədir:
“Bununla bağlı mən lazımi səviyyədə cavab verə bilmərəm. Çünki hər halda, gərək mütəxəssislər onu izah eləsin. Amma biz hamımız fikirləşirik ki, ordumuz, əsgərlərimiz həm müharibə şəraitində, həm sülh şəraitində hər cür dövlət dəstəyinə layiqdirlər. Təbii ki, bu maliyyə məsələləri birbaşa prezidentin və Maliyyə Nazirliyinin səlahiyyətində olan məsələlərdir və bunlar da təhlil olunur. Bunlar çox ciddi iqtisadi məsələlərdir və ümumiyyətlə tendensiya artırılmağa tərəf gedir. Burada mübahisə olunacaq məsələ yoxdur. Çünki dövlət tərəfindən ciddi nəzarətdədir. Və mövcud maliyyə siyasətinin prinsiplərinə uyğun şəkildə idarə olunur, ciddi təhlillər aparılır. Bəzən bizdə olur, kimsə deyir ki, bəli, artırılmalıdır, qulluq olunan mühitlərdə fərqlər var, amma bunu elə-belə demək olmaz. Bunun üçün ciddi iqtisadi təhlillər olur, bunu bizim mütəxəssislərimiz aparırlar. Buna görə də belə suallara gərək mütəxəssislər cavab versin”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top