Qələbəyə saatlar qalmış şəhid olan igidimizin ad günüdür – VİDEO + FOTOLAR


Saytımızda hər dəfə bir Vətən Müharibəsi qazisi, döyüşçüsü və ya şəhidindən yazırıq. Bu dəfə də daha bir şəhidimizdən yazacağıq. Mixaylomuzdan. Fikirləriniz qarışmasın, Sovet İttifaqı Qəhrəmanı olan Mixaylodan yox, Vətən Müharibəsinin şəhidi olan Mixaylodan yazacağıq. Yuqoslaviya Mixaylosundan yox, Şuşamızın fatehindən yazacağıq. İki Mixaylo arasındakı oxşarlıq tək adları deyil. Hər iki Mixaylo da kəşfiyyatçı olub. Hər ikisi də ömrünün 25-ci baharında Haqq dünyasına qovuşub.

Bu gün Şuşamızın fatehi olan Mehdi Şıxəliyevin 25 yaşı tamam olur. Dəyərli şəhidimiz, sənə ad günün mübarək yox, şəhidliyin mübarək deyəcəyik.
Mehdi Yalçın oğlu Şıxəliyev 16 fevral 1996-cı ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 2002-2013-cü ildə kənd orta məktəbini oxuyub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Tərtərdəki N saylı hərbi hissədə başa vurduqdan sonra öz istəyi ilə XTQ-nin kursuna yazılıb. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Cəlilabad rayonunda Göytəpə qəsəbəsində yerləşən N saylı hərbi hissədə Müddətdən Artıq Hərbi Qulluqçu (MAHQ) kimi xidmətini davam etdirib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin giziri Mehdi Şıxəliyev 2020-ci il 27 sentyabrdan etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. Ön cəbhədə döyüşərək, düşmənin xeyli sayda tankını, zirehli texnikasını və 70-dən çox canlı qüvvəsini məhv edib. O, Şuşada yaralı döyüş yoldaşlarını xilas edərkən yanına düşən minaatan mərmisindən yaralanıb. Bir gün yaralı qaldıqdan sonra qələbəyə saatlar qalmış şəhidlik zirvəsinə ucalıb. Şəhid Mehdi Şıxəliyev 7 noyabr 2020-ci il tarixində Hacıqabul rayon qəbiristanlığında dəfn olunub.

Mehdi Şıxəliyevlə bağlı Yeniavaz.com-a anası Şəlalə Şıxəliyeva məlumat verib. Ana vurğulayıb ki, Mehdi uşaqlıqdan hərbi sahəyə böyük maraq göstərib. 11-ci sinifdə artıq qərarını qətiləşdirib. Mehdi hərbi xidmətə gedib qayıtdıqdan sonra anasına XTQ-də qulluq etmək istədiyini bildirib:
“Mehdi qərarını verəndən sonra XTQ-nin xüsusi kursunu yüksək nəticə ilə bitirdi. Bundan sonra Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etdi. Vətən Müharibəsində isə o, taqım komandiri idi. O, hər dəfə evə zəng edəndə nigaran olmayaq deyə, bizi sakitləşdirirdi. Həmişə deyirdi ki, özünüzdən muğayat olun, məndən narahat olmayın. Balam çox cəsur idi. Heç nədən qorxusu yox idi. Döyüşlərdə həm də “Spike” komandiri idi. Yoldaşlarının bir çoxu Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə yaralandı. O qrupdan yeganə Mehdi Şuşaya kimi getdi və orada da şəhid oldu. Komandirləri də deyir ki, Mehdimin müharibədə çox igidlikləri var. Hətta, onun bu igidliklərindən saatlarla danışmaq olar. Onu da qeyd edim ki, Mehdi bizim rayon və ətraf rayonlar üzrə “Qarabağ” ordeni ilə təltif olunan yeganə şəxsdir”.

Şəhidin anası Azərbaycan Ordusunun kiçik gizirinin keçdiyi döyüş yolundan danışaraq bildirdi ki, o, Suqovuşan, Murovdağ, Cəbrayıl, Füzuli, Laçın, Qubadlı və Kəlbəcər uğrunda gedən döyüşlərdə cəsurluğu ilə seçilib. Şuşada isə düşmənlə əlbəyaxa döyüşlərdə iştirak edib. Hətta, Füzuli azad olan vaxt Mehdi evlərinə zəng edərək xəbər də verib.

Şəlalə Şıxəliyevanın sözlərinə görə o, oğlu ilə sonuncu dəfə 20 oktyabrda danışıb. Son maaşını da həmişə olduğu kimi ailəsinə göndərib və atasını xəbərdar edib ki, maaşı götürsünlər. Şəhid olacağını hiss edirmiş kimi, 1 il  əvvəl atası üçün niyyət etdiyi qurbanın da kəsilməsini istəyib. Mehdi 9 noyabrda şəhadətə ucalsa da, ailəsi bu barədə 12 noyabrda xəbər tutub.
Ananın bir nigaranlığı da var. İstəyir ki, bütün televiziya kanalları Vətən Müharibəsinin “Mixaylo”su haqqındakı məlumatları işıqlandırsın.

Qeyd edək ki, Mehdi Şıxəliyev xidməti müddətində “Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, şəhadətindən sonra isə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlər vaxtı göstərdiyi şücaətə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!


Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top