"Manatın devalvasiyasından söhbət gedə bilməz" - Vahid Əhmədov


Uzun müddətdən sonra dünya bazarında “Azeri Light” (CIF) markalı neftin1 barelinin qiyməti 1,57 dollar və ya 2,5% artaraq, 64,34 dollar təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, neftin yüksək qiymətləri hər zaman Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərib:

“O cümlədən də, manatın məzənnəsinin dayanlıqlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu iki məsələ bir-birilə sıx əlaqəlidir. Qeyri-neft sektoru nə qədər inkişaf etdirilsə də, bizim büdcəmizin neftdən asılılığı qalır. Bildiyiniz kimi, 2021-ci ilin dövət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb. Ona görə də neft qiymətləri nə qədər yüksəkdirsə, dövlət büdcəsinə bir o qədər əlavə vəsait daxil olacaq. İnidiki zamanda bu vəsaitlər büdcə üçün çox vacibdir. Daxil olacaq əlavə vəsait əhalinin sosial rifahının yaxşılaşdırılması, şəhid, qazi ailələrinin ehtiyaclarının qarşılanması, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilə bilər”.

Parlamentarinin sözlərinə görə, neftin yüksək qiymətləri fonunda manatın devalvasiyasından söhbət gedə bilməz:

“Bir ara əhali arasında manatın devalvasiyaya uğraya biləcəyinə dair söz-söhbət gəzirdi. Amma heç bir devalvasiyadan söhbət gedə bilməz. 2021-ci ildə manatın məzənnəsi qorunub saxlanacaq. Bizim görəcəyimiz işlər çoxdur. Neft qiymətləri nə qədər yüksək olacaqsa, reallaşacaq işlər də çox olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top