2020-ci ilin 27 sentyabrı Azərbaycanın yeni tarixinin ilk günü oldu. Biz həmin gün 30 ilə yaxın torpaqlarımızı işğal etmiş düşməndən intiqam almağa başladıq və bu intiqam mərhələsi 44 gün davam elədi.
İkinci Qarabağ müharibəsi başlayandan bitənə qədər bütün xalqımızın ürəyi cəbhədə əsgərlərimizlə bir oldu. Müharibənin başladığı ilk gündən kimin qalib gələcəyi bəlli idi. Düşmən tərəfin əsgərləri fərarilik edərək cəbhədən qaçarkən, Azərbaycan xalqı könüllü olaraq döyüşmək üçün sıraya durmuşdu. 27 sentyabrda, müharibənin başladığı ilk gün Füzulinin və Cəbrayılın bir neçə kəndi, Ağdərə və Murovdağ istiqamətində isə mühüm yüksəkliklər işğaldan azad edildi. Müharibə davam etdikcə Azərbaycanın kəndləri, eləcə də şəhərləri ard-arda işğaldan azad edildi. 8 noyabr 2020-ci ildə isə Azərbaycanın incisi olan Şuşanın işğalına son qoyuldu və bu şəhər yenidən öz doğma övladlarını qoynuna aldı. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının məğrurluğunu göstərdi. Bu müddət ərzində Bərdə, Tərtər və Gəncə şəhərlərinin çox sayda dinc əhalisi düşmənin atdığı ballistik raketlərlə, bombalarla qətlə yetirildi. Mənfur düşmən Qarabağ ətrafında bir çox şəhər və kəndlərimizi istifadəsi qadağan olunmuş ballistik raketlərdən və ağır artilleriyadan atəşə tuturdu. Media orqanları ermənilərin bütün bu hərbi cinayətlərini dünyaya tanıtdı, amma haqdan, ədalətdən dəm vuran bir çox dövlətlər bu vəhşiliyə, günahsız insanların ah-naləsinə səssiz qalmağa davam edirdi. Onlar səssiz qalsa da Azərbaycan ordusu qisasını alırdı, qarşısındakı vicdansız düşmənə döyüş meydanında sözün hər mənasında dərs verirdi. Bütün bunları oxumaq başqa, şahid olmaq başqa, yaşamaq isə tamam başqadır. Ona görə də müharibədə iştirak etmiş, bu söylədiklərimizi yaşamış bir qazinin söhbətini sizlərə təqdim edirik:
"Gecə idi, bütün hazırlıqlar tamamlandı və yola düşmək vaxtı gəlib çatdı. Xüsusi geyimlər paylandı və geyinməyə başladıq. Hər kəs hazır oldu, aylardan bəri bir yerdə xidmət etdiyim əsgər yoldaşıma qoruyucu geyimin çatmadığını gördüm, öz geyimimi çıxarıb ona verdim. Hər nə qədər qəbul etmək istəməsə də israrla geyinməyini istədim. Geyindi və yola düşdük. Sanki hər kəsə fərqli bir güc, istək gəlmişdi. Heç nədən qorxmadan olacaq hər şeyə hazır idik.
Yerlərimizi tutduq və düşmən ağır artileriyadan atəş açmağa başladı. Hər birimiz Vətən üçün orda olduğumuzu bilirdik və bununla qürur duyurduq. Bir neçə saat keçdikdən sonra yaralandım, amma döyüşə davam etdim. Bir az keçmişdi ki, yanımdakı yoldaşımın ağır yaralandığını və qan itirdiyini gördüm. Ona kömək etdim və atəş nöqtəsindən çıxardıq.
Təcili yardım gəldi, onu mindirib qayıtmaq istəyirdim, amma mənim də qan itirdiyimi və belə davam edə bilməyəcəyimi dedilər. Bir yerdə xəstəxanaya aparılarkən yolda atəşə məruz qaldıq və yaxınlığımıza raket düşdü. Gözümü açdığımda dostumdan uzaqda olduğumu gördüm və onun qışqırıqlarını eşitdim. Qalxıb yanına getdim, sakitləşdirib hər şeyin yolunda olduğunu dedim və yenidən təcili yardımla xəstəxanaya çatdırıldıq. Hər ikimiz xeyli qan itirmişdik, bir müddət müalicə aldıqdan sonra yenidən hərbi xidmətə qayıtdıq. Hazırda bir qazi olaraq xidmətimə davam edirəm".
Oxuduqlarınız müharibədə iştirak etmiş minlərcə əsgərdən yalnız birinin söylədikləridir. Eynilə bizim Cəbrayıl Dövlətzadə, Xudayar Yusifzadə kimi igidlərimiz var. O igidlərimizin hər biri yaddaşlarda yaşayacaq, kimisi gülüşü, kimisi nurlu çöhrəsi, kimisi hansısa gözəl bir sözü ilə, amma hamısı qəlbimizdə örnək insanlar, qəhrəmanlar kimi qalacaq. Onlardan geriyə qalanlar isə bu xalqa əmanətdir. Düşmənin diz çöküşü ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan daha güclü dövlətə çevrildi. Azad edilmiş torpaqlarda abadlıq işlərinə başlanıldı. Prezident İlham Əliyev bu ərazilərə səfərlər edərək bütün dünyaya erməni vəhşiliyini tanıtdı. Məscidlərimizə, abidələrimizə, tarixi şəhərlərimizə edilmiş vəhşiliyi dünyaya tanıtdı.
Nəsimi Zərbalıyev