TikTok-da qadını öldürüb yandırmaqla hədələyən Samir yaxalandı, həbs olundu

İstanbulda tanıdığı qadını TikTok sosial şəbəkəsi üzərindən zorlama və ölümlə təhdid edən Azərbaycan vətəndaşı Samir B. polisin kibercinayətlərə qarşı mübarizə bölməsinin əməliyyatçıları tərəfindən yaxalanıb. Və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Həmin adam TikTok üzərindən yaydığı təhdid videosunda “səni tapıb yandıracam, sonun Özgəcan Aslan kimi olacaq” deyib. Bu video sosial şəbəkələrdə sürətlə yayılıb və geniş rezonans doğurub. Belə ki, Özgəcan Aslan adlı gənc qızın bir neçə il əvvəl baş vermiş qətli Türkiyədə qadın cinayətlərinə qarşı geniş etiraz dalğasının başlamasına səbəb olmuşdu.

Özgecan Aslan 2015-ci ildə oxuduğu universitetdən çıxıb evə gedərkən  3 zorakı gəncin hücumuna məruz qalıb, gənc qızı zorlamaq istəyən cinayətkarlar istədiklərinə nail ola bilməyiblər və daha sonra izi itirmək üçün onu çöllük sahəyə aparıb qətlə yetiriblər. Və meyitini yandırıblar. Qatillər izi itirmək üçün gənc qızın əllərini də kəsiblər ki, əlbəyaxa mübarizə zamanı onun dırnaqlarında qalan DNK nümunələrini yox etsinlər. Lakin polis bu qəddar cinayətin üstünü aça bilib, media aylarla Özgecan Aslan cinayətindən yazıb.

İndi polis tanıdığı qadını “sonun Özgəcan Aslan kimi olacaq” deyə ölümlə təhdid edən azərbaycanlı manyakı İstanbulun Fatih rayonunda yaxalayıb. İstanbul Cümhuriyyət Prokurorluğunun yaydığı məlumatda deyilir ki, həmin adam ölümlə təhdid etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib. Məhkəmə müraciəti təmin edib.

Sosial şəbəkələrdə yayılmış videoya əsasən həmin Samir B. adlı şəxs videobağlantı ilə hansısa gənclə danışır, Həcər adlı qadını öldürəcəyi haqda ona təhdidlər yağdırır.  


Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top