"Adını akademik qoyan insanlar var - xorla şərin xidmətində dururlar" - Qulu Məhərrəmli VİDEO

Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli Yeniavaz.com saytının redaksiyasının qonağı olub və bir çox mövzularda sualları cavablandırıb. Müsahibə bir qədər geniş olduğundan belə qərara gəldik ki, oxucularımıza hissə-hissə təqdim edək...

- Qulu müəllim, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdirliyindən gedişiniz birmənalı qarşılanmadı - həm saytlarda xəbər oldu, həm də müzakirələrə səbəb oldu. Səbəb nə idi?

- Bunun bir neçə səbəbi var. Bir səbəb də budur ki, birbaşa Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi istəmədi mən orada işləyim. İnstitutun əvvəlki direktoru - bizim görkəmli alimimiz, indiki şəraitdə Azərbaycan xalqının belə deyək, abidə alimlərindən biri hesab edilən Tofiq Hacıyevlə bağlı bir müddət ədalətsizliyə yol verilmişdi və elə şey var ki, onu qəbul eləmək olmur, çox biganə də baxmaq olmur. Mən o vaxt Tofiq Hacıyevin işdən o şəkildə uzaqlaşdırılması ilə bağlı bir yazı yazmışdım. Həmin yazı da müəyyən rezonansa səbəb olmuşdu. Sonra böyük miqyasda bu məsələlərə qarışanlar oldu və Tofiq Hacıyevin haqqını bərpa elədilər. Yəni Tofiq Hacıyev Dilçilik İnstitutunda qaldı. Sonra tale başqa cür gətirdi və Tofiq müəllim faciəli şəkildə dünyasını dəyişdi. Təbii ki, ondan sonra gələn mühit bir başqa cür oldu. Yəni bir az bizim hərəkətimizi normal qəbul eləmədilər. Bu məsələdə qatlar çoxdur və mən o barədə dərindən danışmaq istəmirəm. Amma nə vaxtsa, bunu yazmaq lazım olacaq. İnsan gördüyü ictimai haqsızlığı qəbul eləmir və ona etirazını edir. Ancaq sonra bununla bağlı bu şəkildə və bu miqyasda adamın üzərinə hücum çəkilir. Sözün açığı, mənim üçün orada işləmək həyati məsələ deyildi. Məni ora Tofiq Hacıyev dəvət eləmişdi. Dillə bağlı Dövlət Proqramının tətbiq olunması, monitorinqlərin aparılması və s. işlər görülməli idi. Biz də 2 il ərzində orada xeyli işlər görə bildik. Yəni konkret nəticələr var idi.

Sonra isə dedilər ki, getmək lazımdır, Dilçilik İnstitutunda sizin işləməyiniz məqsədəuyğun deyil. Çox rahatlıqla - orada elə götürməyə bir şey də yox idi, kitab-dəftərimi götürüb "sağ olun, salamat qalın, mən getdim", dedim. Ancaq o yanaşmadakı eybəcərlik adamı çox məyus eləyir. Yəni adını akademik qoyan insanlar var - 4-5 nəfər, bunlar necə xorla şərin xidmətində dururlar.

Yəni insanların içi nə qədər qaranlıq olmalıdır ki, bu məsələdə bu dərəcədə həmrəy olasan. Bu həm məyusedici, həm də maraqlı bir situasiyadır.

Orada dəyərli alimlər, dəyərli insanlar var. Sadəcə olaraq yönəltmə o qədər dəqiq, düzgün olmalıdır ki, dövlətin büdcədən ayırdığı vəsait hesabına maliyyələşən elmi qurumlar dilə, ədəbiyyata, düşüncəyə, ictimai düşüncəyə xidmət eləsinlər. Bunun məsuliyyəti yoxdur. Bu barədə hesabatlılıq yoxdur. Maaşımızı aldıq gəldik işə, axşam getdik evə, səhər yenə gəldik, yenə getdi bu proses. Düzdür, Akademiyada çox maaş vermirlər. Amma soruşulmalıdır ki, ayrılan pulun müqabilində siz hansı işi görürsünüz? Yəni yola vermək taktikası var.

Baxın, müstəqillik dövründə elmi sferada yeni nə var? Mən elmi araşdırma aparıram və əgər bu tətbiq olunmursa, bu istehsalatda, xüsusən, dəqiq elmlər sahəsində bunun səmərəsi yoxdursa, onda düşünmək lazımdır ki, 10 min adam Akademiya sistemində niyə çalışır? Yaxud necə eləmək lazımdır ki, bir az səmərəli olsun. Yəni bunlar ciddi məsələlərdir.

- AzTV sədri Arif Alışanov sizi məhkəməyə verib. Hazırda proseslə bağlı vəziyyət nə yerdədir?

- Biz deyirik ki, hər kəs öz yerində olmalıdır. Bəşəriyyət yaranandan belədir ki, iş işbilənə tapşırılmalıdır. Şəhriyarın məşhur ifadəsidir:

Bizdən öndə gedir Avropalılar

İşi iş bilənə tapşırır onlar.

Yəni işi iş bilən aparılmalıdır. Mənim dünyagörüşümə görə adıçəkilən televiziyada bu adam - rəhbərlik eləyən şəxs yerində deyil. Hesab edirəm ki, bu sözü demək onun üçün elə də böyük bir faciə deyil. Yəni biz bunları bu şəkildə deyirik və televiziyada gedən təhlükəli tendensiyaları göstəririk. Televiziya cəmiyyətin güzgüsüdür. Televiziya həm də insanlara, ictimaiyyətə, cəmiyyətə ciddi təsir eləyir. Verilişlər elə olmalıdır ki, insanlar ondan bir fayda götürsün. Əgər fayda götürmürlərsə...

Məşhur ifadə var: "Əgər günəşin işığı məni isitmirsə, mən o işığı neyləyirəm". Yəni deyək ki, estetikası var, gözəl kadrlar çəkilir. Məşhur tamaşada deyildiyi kimi - hə, nə olsun? Yəni bunun effekti, səmərəsi yoxdursa, dövlət ildə 40 milyon, 50 milyon bu televiziyaya pul ayırırsa, texnika alırsa, dövlət istəyir ki, bu yaxşı olsun, hökumət istəyir ki, onun televiziyası effektli olsun, siyasəti daha təsirli formada, anlaşıqlı formada çatdırsın. Bunlar olmayandan sonra, yəni bunun səmərəsi olmayandan sonra necə ola bilər bu? Mən də bunları tənqid eləyirəm. Buna görə də bəli, məhkəməyə verilib, 1 ilə yaxındır davam eləyir. Burada problem nədədir - çox aşkar şəkildə görünür ki, burada sərt ifadə var, ancaq təhqir yoxdur.

Bəzi ekspertlər bəlkə də təklikdə dürüst adamlardılar. Ancaq onları təhrik eləyirlər ki, siz yazın Qulu Məhərrəmlinin müsahibəsində təhqir var. Bu da məhkəmə üçün bir sənəddir, qərar çıxarmaq üçün bir əsasdır. Həmin o mütəxəssislərlə bağlı problemlər var. Bir təhsil müəssisəsindən mütəxəssislər ayrılıb və mən də onlara etiraz eləmişəm ki, onlar mənim yazıma rəy verə bilməzlər. Məlum olur ki, rəy verən adamlardan biri mənim tənqid elədiyim adamın ailəvi dostudur, həmin ailəyə yaxın adamdır, onların uşağını ali məktəbə hazırlaşdırıb. Yəni ona rahatlıqla sən istədiyin sifarişi verə bilirsən. İkinci mütəxəssisin də elmi dərəcəsi yoxdur. Mən demirəm fövqəladə aliməm, böyük dilçiyəm və s. Amma hər halda mən elmlər doktoruyam, professoram və mənim verdiyim müsahibəni, konteksti, mətni ən aşağısı mənim səviyyəmdə olan bir adam təhlil eləyə bilər ki, hə, bu yalnışdır və s.

Problem odur ki, mənə həm cinayət işi açılıb, məhkəmə cinayət işinə baxır, eyni zamanda xətrinə dəydiyimiz adam həm də mülki qaydada iddia qaldırıb ki, məni məhkəmə 100 min manat cərimə eləsin. Bu insan o qədər zərif ürəklidir, incə qəlblidir ki, deyir alacağım pul veriləcək körpələr evinə. Mən də mətbuata açıqlama verib demişəm ki, bu adam indiyə qədər heç körpələr evinə 1 qəpik verib? Körpələr evinə pul vermək istəyirsə, mənim hesabıma niyə xeyriyyəçilik eləyir? Yeni ildə, Novruz bayramında aparsın körpələr evinə 10 manat pul versin. Gərək elə məni cərimə eləyib verələr? Çox qəribə, gülməli situasiya yaranıb. Bunun perspektivinə mən inanmıram.

Azərbaycanda ağıllı adamlar var, onlar yəqin ki, bu prosesləri izləyirlər. Biz sözümüzü deyirik. Bizim heç bir iddiamız yoxdur, siyasi iddia yox, inzibati iddia yox, elə bir böyük elmi iddiamız yox. Biz deyirik ki, bu cəmiyyətdə yaşayırıq, bu cəmiyyət gözəl olsun, bu ölkə inkişaf eləsin. Bu ölkənin inkişafına mane olan, bu proseslərə mane olan, bu yolun üstündə dəyirman daşı kimi oturanları qırağa qoymaq lazımdır ki, cəmiyyət yolu ilə inkişaf eləsin. Mətbuat nədən ötrüdür? Mətbuatın əsas missiyası cəmiyyəti məlumatlandırmaqdır, baş verən hadisələri təhlil eləməkdir. Mətbuatın bir missiyası da nöqsanları təhlil eləməkdir. Nöqsanları tənqid eləmək bir mexanizmdir.

Tənqid olmasa ümumiyyətlə, inkişaf mümkünsüzdür. Nəyə görə cəmiyyət bu dərəcədə televiziyalardan narazıdır? Çünki cəmiyyət özünü televiziyada görmür. Nəyə görə biz alternativ kanallar axtarırıq? Nəyə görə pultun düyməsini tez-tez basırıq, kanalları dəyişirik? Biz bu verilişdən nə anlayırıq, hansı məlumatı götürürük? Bu məlumat mənim həyatıma, davranışıma, düşüncəmə necə təsir eləyir?

Nəyə görə insanlar indi kütləvi şəkildə internetə axışır? Virtual sahədə çox böyük cazibə var. İnternetə girənlər daha çox cazibə axtarırlar, xəbər axtarırlar.

Bizim jurnalistikamızın fəlakəti ondadır ki, təbliğatla, piarla iç-içədir, qarışıb bir-birinə. Məlumatlandırma konkret bir xətt kimi görünmür, piarın içindədir, təşviqatın içindədir. Baxın xəbərlər proqramına, televiziyalarımızın əksəriyyəti o şəkildədir.

Biz insan yetişdiririk, biz robot yetişdirmirik. Düşünə bilən insan istənilən cəmiyyət üçün böyük bir sərvətdir. Biz cəmiyyətin gələcəyini istəməsək, cəmiyyətin yaxşı olmasını istəməsək, onu tənqid eləmərik, deyərik ki, hər şey idealdır. İnsan öz enerjisini xeyirli işlər üçün, faydalı işlər üçün səfərbər eləməlidir.

Qulu Məhərrəmli

DİGƏR XƏBƏRLƏR

Top