Bakıda unudulan “Ana və bala” parkı ilə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA


Paytaxt sakinləri illərdir unudulan parkın əhalinin istifadəsinə verilməsini istəyirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına sakinlər tərəfindən müraciət ünvanlanıb. Söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ana və bala” parkından gedir. 
Sakinlər deyir ki, uzun illərdir əhalinin istirahət yeri olan parkın giriş-çıxışı abadlaşdırma işləri ilə əlaqədar bağlanıb: “2011-ci ildə parkı təmir adı ilə bağladılar. Parkda uşaqlar üçün quraşdırılan yelləncəklər istifadəyə yararsız halda idi. Biz də sevindik ki, bərpa edəcəklər, daha yaxşı vəziyyətə salınacaq. Guya yenidənqurma işləri aparılacaqdı, amma əksinə, daha da dağıtdılar”.
2011-ci ildən bu günə qədər parkda aparılan təmir-bərpa, abadlıq işlərinin isə nə zaman bitəcəyi barədə məlumat yoxdur.
“Parkın təmir-bərpa işlərini 2011-ci ildə “Azinko” şirkəti Suraxanı Rayon İcra Hakimiyyətinin layihəsi əsasında öz üzərinə götürüb”, - deyə müraciətdə qeyd olunub. 

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, parkda abadlıq işlərinə başlanılıb: “Suraxanı Rayon İcra Hakimiyyətinin layihəsi əsasında Yeni Günəşli yaşayış massivində yerləşən “Ana və bala” parkında “Azinko” şirkəti tərəfindən abadlıq işlərinə başlanılıb. Bu işlər Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanına əsasən mərhələli şəkildə aparılır. Fərmana əsasən, parkın abadlaşdırılması Azərbaycan Respublikasında Regionların 2019-2023-cü illər üçün Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına salınıb. Bu səbəbdən də ərazidə davam etdirilən işlər proqrama uyğun olaraq tamamlanacaq”.

DİGƏR XƏBƏRLƏR

Top