Qazi: "İcra başçısı İradə Gülməmmədova dedi ki, mənə görə döyüşməmisən" - VİDEO


11 nəfər Vətən müharibəsi qazisi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadan şikayətçidir.

Yeniavaz.com reportyor.info-ya istinadən xəbər verir ki, qazilərin sözlərinə görə, işlə təmin olunmaq üçün dəfələrlə icra başçısının görüşünə gediblər. Amma heç bir nəticəsi olmayıb. Suqovuşan istiqamətində döyüşmüş qazi Məmmədov Orxan Rəhim oğlu deyir ki, İ.Gülməmmədova onlarla görüşmürdü, ta ki, Prezident rayona səfər edənə qədər:
“Onun qəbuluna güclə düşmüşdük. İradə xanımdan xahiş etdik ki, bizi işlə təmin etməyə köməklik göstərsin. Səhəri Abşeron icra hakimiyyətinin saytından oxuyuruq ki, guya biz işlə təmin olunmuşuq. Bunu reklam üçün ediblər. Axı bizə heç bir iş verilməyib. Faktiki biz işsiz adamlarıq. Ümumiyyətlə, müharibədən sonra bizimlə maraqlanmayıblar, icra başçısı soruşmayıb ki, nə problemimiz var”.
O.Məmmədov deyir ki, Abşeron Rayon İcra Hakimiyyətindən onlara, “bura işədüzəltmə bürosu deyil, get, hara istəyirsən şikayət yaz” deyə bildirilib: “Bizdən başqa biri də İradə xanımın qəbuluna düşmüşdü, başçı onunla da kobud danışdı. Dedi ki, mənə görə döyüşməmisən. Biz axı ondan heç nə istəmirik, sadəcə, işlə təmin olunmağa kömək etməsini istəmişik. Ancaq görürük ki, ortada heç bir iş yoxdur, icranın saytında isə yazırlar ki, bizi işlə təmin ediblər”.
Qəbulda olmuş digər qazi Həsənov Rəşad Mirdaməd oğlu da könüllü döyüşənlərdən olub. Onun sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı onların yanında bir sex rəisi ilə əlaqə saxlayıb:
“Bizi ora yönləndirdilər. Sexin rəisinə zəng vurdu, sonra ora getdik. Heç rəisin özüylə görüşməmişik, bir nəfər qarşıladı. O da yola verdi, yəni konkret iş yoxdur”.
Qazilər qeyd edirlər ki, Abşeron Rayon İcra Hakimiyyətinin saytında işlə təmin edildikləri yazıldığı halda, faktiki işsizdirlər. O. Məmmədov bildirir ki, nə ona, nə yoldaşına iş verilir: “Gələn gündən qəbuluna düşə bilmirdik, deyirdilər pandemiyadır, başçı qəbul etmir. Ali Baş Komandan Abşerona gələn kimi bizimlə görüşdü. Ancaq heç bir iş verilməyib, 11 nəfərik, hərəni bir yana göndərirlər, amma nəticəsi yoxdur”.

 

DİGƏR XƏBƏRLƏR

Top