TƏBİB-in rəsmisi olar, qurum isə olmaz deyir


TƏBİB, qurumun rəsmisi həkim-infeksionist Nəzrin Mustafayevanın "açıq havada tək olan zaman maskasız gəzə bilərsiz" sözlərinə münasibət bildirib.
Bu barədə Yeniavaz.com-a danışan TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış, N.Mustafayevanın məsələyə həkim kimi yanaşdığını bildirib:
"Nəzrin Mustafayeva orada həkim kimi məsləhət edib. Yəni, bu qərarın TƏBİB-ə aidiyyatı yoxdur, qərarı Nazirlər Kabineti verir. Biz də bu qərara riayət etməliyik. Qərarda deyildiyi kimi açıq havadakı ictimai yerlərdə maska taxmaq məcburidir". 
Qeyd edək ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində vətəndaşlar bulvarda və yaxud parkda yürüşə çıxdığı zaman, tək olduqları halda maskasız gəzə biləcəklərini ifadə etmişdi: “Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən açıq havada maska taxmaq məcburidir. 

DİGƏR XƏBƏRLƏR

Top