Qəbələdə ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb


Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, Qəbələ rayonu ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilərək qanunsuz oduncaq tədarükü həyata keçirilməsi barədə göstərişi, həmçinin Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinin ağır nəticələrə, yəni Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid olan “Yeddi çinar” adlanan ərazidə 247 ədəd qızılağac, 101 ədəd yalanqoz, 09 ədəd ağcaqayın, 75 ədəd vələs, 03 ədəd palıd və 06 ədəd göyrüc ağaclarının, cəmi 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsinə, bununla da fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə 127 min 310 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top