Ləğv olunan “Krosvey” şirkətini Ziya Məmmədovun qardaşı ilə nə bağlayır? – TƏFƏRRÜAT


Nizamnamə kapitalı 12 milyon 614 min manat olan və təxminən bir il əvvəl dövlət qeydiyyatına alınan “Krosvey” MMC ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə ilə bağlı elan bu gün “Vergilər” qəzetinin veb-saytına yerləşdirilib. 
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, “Krosvey” MMC 03.10.2019-cu il tarixində “Bakı-XXI əsr” MMC-nin (VÖEN: 2000023861) yenidən təşkil olunması nəticəsində yaranıb. “Krosvey” MMC-nin qanuni təmsilçisi Bağırov Cümşüd Nuru oğludur. 
Qeyd edək ki, “Bakı-XXI Əsr” MMC 01.03.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət qeydiyyata alındıqdan 2 ay sonra Nəqliyyat Nazirliyinin sifarişi əsasında Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə başlayıb. Kompleski 2009-cu ildə təhvil verib. 
Açılış mərasimində sabiq Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulan kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı-XXI əsr” şirkəti olub (bu linkdən baxa bilərsiniz). 
Dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra nəhəng kompleksin inşasına başlayan “Bakı-XXI Əsr” MMC-nin təsisçisinin kim olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin 2011-ci ildə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, hazırda AMEA-nın İşlər İdarəsinin müdiri olan sabiq deputat Elton Məmmədov mətbuata verdiyi açıqlmada “Bakı-XXI Əsr” MMC-nin təsisçilərindən biri olduğunu deyib (bu linkdən baxa bilərsiniz). 
Maraqlıdır ki, “Bakı-XXI Əsr” MMC-nin yenidən təşkil olunmasından yaranan “Krosvey” MMC-nin qanuni təmsilçisi Cümşüd Bağırov şirkət yaranmazdan əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru olub. Cümşüd Bağırov eyni zamanda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatının sədri olub (bu linkdən baxa bilərsiniz).
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tabeçiliyində fəaliyyət göstərən otelin adı da “Krosvey” adlanır (bu linkdən baxa bilərsiniz). Qeyd edək ki, əvvəllər bu otel “Comfort İNN” adlanıb. 
“Krosvey” MMC təsis olunduqdan sonra yenidən təşkil olunan və nizamnamə kapitalı 14 milyon 923 min 42 manat olan “Bakı-XXI Əsr” MMC-nin qanuni təmsilçisi isə Səidə Əflatun qızı Baxşıyeva olub. Səidə Baxşiyeva eyni zamanda “Paşa Holdinq”in yerləşdiyi Neftçilər prospekti 153 ünvanında qeydiyyatdan keçən 5 şirkətin (“Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company”) qanuni təmsilçisidir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top