Artıq uzun müddətdir Bakı şəhərində fəaliyyət göstərən marşurut xətlərində kart sisteminə keçib. Bəzi xətlər hələ də nağd ödənişdən istifadə etsədə ümumilikdə demək olar ki, mərkəzi yollarda olan avtobusların hamısı kart sistemində işləyir. Əvvəllər insanlarda belə bir fikir var idi ki, avtobuslar kart sisteminə keçəndən sonra qəzaların sayı azalacaq. Sürücülərin nağd ödəniş qəbul etməkdən azad olmaları və günün sonunda verəcəkləri planı düşünməmələri onların daha rahat avtobus idarə etməsinə səbəb olmalı idi. Amma indi də qəzalar olur, hətta elə bil əvvəlki qəzaların sayından az deyil. Bəs, kart sisteminə keçəndən sonra nə dəyişdi? Nəqliyyat eksperti Azər Allahverənov "Yeniavaz.com" saytına açıqlamasında bu məsələyə münasibət bildirdi. Onun sözlərinə görə, nağd ödəniş sisteminin tətbiq olunması avtobus sürücüsünün diqqətinin yayınmasına gətirib çıxaran bir hal idi: "Digər tərəfdən də sürücü gündəlik plan verməli idi. Ona görə də sürücü maraqlı idi ki, o gündəlik planı toplasın. Ondan əlavə müəyyən məbləğdə də özü qazansın. Kart sisteminin tətbiq edilməsində məqsəd bu iki amilin aradan qaldırılması idi. Yəni, sürücü nağd ödənişləri qəbul edərkən diqqəti yayınmasın, həm də plan verməkdən asılı vəziyyətdə olmasın. Təbii ki, "Baku Bus"ı çıxmaq şərtilə, bilmirəm başqa avtobuslarda sürücülər gündəlik plandan asılıdır ya yox. Mən bugün də görürəm ki, kart sistemi ilə işləyən avtobuslar ötüşürlər. Onlar daha çox müştəri götürmək marağındadırlar. Bu azmış kimi mən dayanacaqda uzun uzadı dayanan avtobuslara da rast gəlirəm. Baxmayaraq ki, kart sistemi ilə işləyirlər, amma əvvəlki kimi işləyirlər. Deməli plan vermək ehtiyacı var ki, o qədər dayanacaqda dayanır. Ona görə də bu kimi amillərin ümumi proseslərə mənfi təsir etdiyinin şahidi oluruq. Amma kart sisteminə keçid qəzaların olmamasının amillərindən biridir. Əsas amil deyil. Qəzalara səbəb sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, sürət həddinin doğru seçilməməsi, düzgün manevr, ötmə əməliyyatı edilməməsidir. Bu kimi hallar qəzaya gətirib çıxarır. Ona görə də mən düşünürəm ki, kart sistemi tətbiq olunursa, sürücülər gündəlik plandan azad olmalıdırlar. Sürücü ancaq təhlükəsiz idarə etməni düşünməlidir. Onda inanıram ki, qəzaların qarşısı alınar".
Rasim Məmmədli