"Bazara müdaxilə olduğu üçün dollarla bağlı proqnoz vermək mümkün deyil"

"Manatın məzənnəsi yenə də gündəmdədir. Dünənki hərracda manatın dollara nisbətən məzənnəsi dəyişmədikdən sonra gün ərzində sosial şəbəkə vasitəsi ilə mənə 100-dən artıq mesaj gəlib. Həmin müraciətləri ümumilləşdirərək ən çox soruşulan aşağıdakı iki məsələyə aydınlıq gətirmək istərdim". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspertin fikirlərini təqdim edirik:

1. Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manatlıq transferi manatı məzənnəsinə necə təsir göstərəcək?

Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər fond öhədliklərinə əməl edərsə o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə o zaman 13.8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır. Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə, fond öz öhdəliklərinə əməl edə bilərsə o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası özünü eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollara ilə hətta 2016-cı il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir. Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə bu əks-dollarlaşma prosesinə başlanılarsa o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağa təklif edirdim. Bu təklif reallaşdı, amma 2015-ci ildə deyil, 2 sonra. Düşünürəm ki, əslində 2015-ci ilin sonunda həmin 4 milyard dolları konvertasiya edib, güzəştli kredit formasında kiçik və orta sahibkarlara şəffaf şəkildə təqdim etmək və cari tələbi ödədikdən sonra o zaman Rusiya və Qazaxıstan kimi liberal üzən məzənnəyə keçmək məqsədə uyğun olardı. Bununla belə, hətta proses yubansa da belə Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır. Artıq Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələr ilə Sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması) o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq. Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq. Digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir. Bu baxımdan, manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə bu heç də asan vəzifə olmayacaq.

2. Liberal üzən məzənnəyə keçiləcəkmi?
Xatırlayırsınzsa, mən hələ ötən ilin əvvələrində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora “isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa da belə liberal məzənnə siyasətinə keçid istisna edilmir.

DİGƏR XƏBƏRLƏR

Top