"Direktor övladımı rus bölməsinə keçirəcəyinə vəd versə də, indi təhsil almasına imkan vermir" - Direktordan AÇIQLAMA


“Masazır kənd 4 saylı orta məktəbin direktoru Roza Məmmədovanın bizi aldatdığını bildikdən sonra övladımızın sənədlərini qaydasına salaraq, Azərbaycan bölməsindən rus bölməsinə keçirilməsini tələb etsək də, R. Məmmədova buna heç bir əhəmiyyət vermir və məsuliyyəti öz üzərindən atır”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri redaksiyamıza müraciət edən valideyn Vüsalə Kazımova deyib. Şikayətçi bildirir ki, oğlu Raul Kazımlı 2020-ci ildə keçirilən rus dili üzrə onlayn müsahibədən uğurla keçərək, Abşeron rayon Xırdalan şəhər 1 saylı tam orta məktəbin rus dili üzrə ibtidai sinfinə qəbul olub: “Lakin, məktəbin yaşadığımız ünvandan uzaq məsafədə yerləşdiyini, eyni zamanda iş rejimimlə əlaqədar övladımı məktəbə aparıb-gətirməkdə çətinlik yaranmasını nəzərə alaraq yoldaşımla övladımızın məktəbini dəyişib, evimizin yaxınlığında yerləşən Abşeron rayon Masazır kənd 4 saylı orta məktəbə keçirilməsini qərara aldıq. Bu səbəbdən mən Abşeron rayon Masazır kənd 4 saylı orta məktəbin direktoru Roza Məmmədovanın qəbulunda oldum. Direktor R. Məmmədova ilə söhbət zamanı yuxarıda qeyd etdiyim səbəblərə görə övladım Raulu qəbul olduğu Xırdalan şəhər 1 saylı tam orta məktəbin rus bölməsindən direktoru olduğu Masazır kənd 4 saylı orta məktəbin rus bölməsinə keçirməsini xahiş etdim. Direktor məktəbdə rus bölməsi üzrə mövcud sinfin dolu olduğunu dedi, lakin yaxın vaxtda əlavə sinfin açılacağını və övladımı rus bölməsinə keçirəcəyini vəd etdi. Bu müddətə qədər müvəqqəti olaraq övladımın sənədlərini Azərbaycan bölməsinə dəyişəcəyini dedi və onlayn sistemdə dəyişiklik etdi. Mən də onun səmimiyyətinə inandım və onunla razılaşdım. Lakin direktorun bizi aldatdığını bildikdən sonra övladımızın sənədlərini qaydasına salaraq, Azərbaycan bölməsindən rus bölməsinə keçirilməsini tələb etsək də, R. Məmmədova buna heç bir əhəmiyyət vermir və məsuliyyəti öz üzərindən atır. Məsələ ilə bağlı Təhzil Nazirliyi və Abşeron rayon Təhsil İdarəsinə dəfələrlə müraciət etsək də, müraciətimiz cavabsız qalır”. 

Valideynin sözlərinə görə tədris günü başladığı vaxtdan bugünədək övladı həmin məktəbin əlavə açılan 1 R rus sinfinə getsə də, elektron sistemdə adı hələ də 1 N Azərbaycan bölməsində qalır: “Həyat yoldaşım dəfələrlə direktorun qəbulunda olaraq, bu barədə etirazını bildirməsinə baxmayaraq, R. Məmmədova tərəfindən kobud rəftara məruz qalır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan, süründürməçilik hallarına yol verən, vətəndaşla ünsiyyətdə etik davranış qaydalarına belə əməl etməyən Masazır kənd 4 saylı orta məktəbin direktoru Roza Məmmədova hazırda övladımın tədris aldığı 1 R rus sinfində əyləşməsinə və təhsil almasına imkan verməyərək, mənəvi-psixoloji təzyiqə məruz qoyur və övladımı təhsil hüququndan məhrum edir”. 
Məsələ ilə bağlı Masazır kənd 4 saylı orta məktəbin direktoru Roza Məmmədova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında valideynlərin öz istəyi ilə övladlarını Azərbaycan bölməsinə keçirdiyini bildirdi: “Şagirdlər valideynlərin istəyi ilə keçirilir. Xanımın yoldaşı gəlib dedi ki, övladımın biri sizin məktəbdə oxuyur, digəri də Xırdalan 1 nömrəli məktəbin rus bölməsinə daxil olub. Xahiş edirəm ki, övladım bu məktəbə keçsin. Bildirdim ki, məktəbə qəbul dayandırılıb, yerdəyişmə olarsa, keçirərsən. İsrarla övladını bizim məktəbə keçirmək istədi və könüllü olaraq özünə aid kodu, şifrəni təqdim etdi və Azərbaycan bölməsinə keçirdi. Raulun anası çox yaxşı valideyndir, böyük kimi adama hörmət edəndir və bizim gözəl münasibətimiz var. O, düz deyir, rus bölməsinə qəbul olmaq asan deyil. Amma bunu biz etməmişik, könüllü şəkildə özləri ediblər. Rus bölməsindən Azərbaycan bölməsinə şagirdin köçürülməsi mümkündür, lakin əksini etmək bizim səlahiyyətimizdə deyil. Hətta, 2-ci sinifdən sonra rus bölməsindən Azərbaycan bölməsinə keçmək istəyənləri təhsil şöbəsinə yönəldirik və orada onların bilik səviyyələri yoxlanılır. Valideyn nazirliyə müraciət edib və yenə də övladını Azərbaycan bölməsinə salıb. Getsin yenə də bu işlə məşğul olan şəxslərə müraciət etsin. Uşaq həqiqətən imtahandan keçib, valideyn haqlıdır. Müraciət etsin, gəlsin. Məktəb mənim dədəmin məktəbi deyil ki. Yenə də deyirəm, bu bizim səlahiyyətimizdə deyil, əgər əlimdən bir şey gəlsəydi, köməklik edərdim”. 
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. O, bizi Abşeron Rayon Təhsil Şöbəsinə yönəltdi. Abşeron Rayon Təhsil Şöbəsində isə bizə bununla bağlı rəsmi müraciət etmək lazım olduğu bildirildi. 
Qeyd edək ki, bu günə qədər Abşeron Rayon Təhsil Şöbəsinə ünvanladığımız rəsmi müraciətlər cavabsız qalıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top