"Əgər Azərbaycanda dövlət çevrilişi etmək niyyətinə düşən sabiq məmurlar və ya hazırda vəzifədə olanlar varsa, deməli, həmin insan və ya insanlar tamamilə ağlını itirib".
Yeniavaz.com xəbər verir ki, bunu YAP-ın komissiya sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a deyib.
“Allah insana cəza verəndə əvvəlcə ağlını əlindən alır. Ancaq ağlını itirmiş məmur çevriliş iddiasına düşə bilər. Kimlərsə bu fikrə düşüblərsə, məgər bilmirlər, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında elə bir Azərbaycan dövləti formalaşıb ki, o, heç bir zaman indiki qədər güclü olmayıb? Bunun arxasında böyük mətləblər dayanır, çox ciddi əməli addımlar, nəticələr dayanır. Bu gün Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, ona inanır, ona etimad göstərir. Bir dövlət ki, 44 gün ərzində düşmənin 30 ildə yaratdığı istehkamları darmadağın edib işğalçını çökdürdü, Qarabağı işğaldan azad etdi, deməli, bu dövlət çox güclü dövlətdir. Bu dövlətin güclənməsində, qələbənin əldə edilməsində həlledici faktor Ali Baş Komandan və Azərbaycan Ordusudur", - millət vəkili qeyd edib.