Türkiyədə birincilik qazanan XTQ-nin şəhid giziri Sabir Heydərov - FOTOLAR


Şəhidlik zirvəsinə yüksəlmək istəyən bir çox qəhrəmanlarımız kimi o da həmin məqama ucalmağı çox arzulayıb. Söhbət torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Sabir Heydərovdan gedir.
Heydərov Sabir Ceyhun oğlu 1998-ci ildə Şamaxı rayonunda dünyaya gəlib. 2004-cü ildə Şamaxı rayonu 2 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ildə məktəbi bitirərək 2016-cı ildə hərbi xidmətə yollanıb. 2017-ci ildə əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna gedib. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra XTQ-də işləməyə başlayıb. 2018-ci ildə Türkiyədə keçirilən Efes-2018 yarışmasında 1-ci yerə layiq görülüb. Azərbaycana qayıdan kimi kiçik gizir rütbəsi alıb. Bundan sonra XTQ-nin N saylı hərbi hissəsində işləməyə başlayıb. Xidməti boyunca xeyli sayda təlimlərdə iştirak edib. 

Şəhid gizir Sabir Heydərov barəsində qardaşı Nurlan Heydərov Yeniavaz.com-a danışıb. O, bildirib ki, Sabir gülərüz, mehriban, vətənini ailəsi kimi sevən bir hərbçi olub:
“Döyüş yoldaşlarının sözlərinə görə, Sabir həmişə döyüşlərdə çox soyuqqanlı davranıb. Murovdağda döyüşlər zamanı şəhid olan yoldaşlarını belində aparıb təhlükəsiz yerlərə yerləşdirib. Yaralılara kömək edib. Sağ qalan döyüş yoldaşlarına mənəvi dəstək olub. Özü namaz qılan, dindar olduğu üçün uşaqlara ürək-dirək verərək onlara da mənəvi dəstək olmağa çalışıb. Hətta yoldaşlarından qazi olan İman adlı biri deyir ki, "biz bir qrup uşaq onun sayəsində ürəklə döyüşürdük. O, şəhid olandan sonra heç cür özümüzə gələ bilmədik".

Nurlan Heydərov qardaşının şəhid olmasından da danışaraq bildirib ki, Füzuli uğrunda gedən döyüşlərə qardaşı Sabir 40 dərəcə qızdırma ilə girib. Komandiri ondan geri qayıdıb, müalicə olunaraq döyüşə qayıtmasını istəsə də Sabir bunu rədd edərək “yox mən sizi ata bilmərəm nə olar, olar” –deyə cavab verib:
“sabir dərman ataraq yenidən döyüşlərə girib. Elə səhəri gün də şəhid olub. Snayper gülləsi onun üzərindəki qumbaraya dəyib. Zərbədən yerə yıxılıb, yoldaşları ağrıkəsici vurmaq istəyəndə, “mənə vurmayın, özünüzə lazım olar. Mən şəhid olacağımı hiss edirəm” –deyərək, kəlmeyi şəhadətini gətirərək şəhid olub.

Torpağına, vətəninə, bayrağına bağlı olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-sindən etibarən Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. Murovdağ silsiləsi istiqamətində bir çox postların alınmasında qəhrəmancasına iştirak edib. 2020-ci il oktyabrın 3-də Fizuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Sabir Heydərov şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Vətən ugrunda", "Cəbrayılın azad olunması görə", "Hərbi xidmətıərinə görə", "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.



Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top