Səngəçalda magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb", - deyə FHN-in məlumatında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top