"Qarabağ münaqişəsinin həlli Rusiya-ABŞ yaxınlaşmasından asılı olacaq"

Yanvar ayının 20-də ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya prosesi keçiriləcək. Bəs prezident seçildikdən sonra verdiyi açıqlamalarla ABŞ-ı idarə edəcək siyasətçidən və dövlət xadimindən daha çox biznes maraqlarını müdafiə edən iş adamını xatırladan Trampın prezidentliyi dövründə Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılacaqmı? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında politoloq Qabil Hüseynli Trampın Rusiya ilə isti münasibətlər qurmaq istədiyini və bu müstəvidə də tərəflər arasında baş verə biləcək yaxınlaşmanın beynəlxalq aləmdə yeni siyasi, iqtisadi və hərbi situasiya əmələ gətirə biləcəyini qeyd etdi. Qabil Hüseynli: "Tramp hələlik verdiyi açıqlamalarla özündən əvvəl ABŞ-ı idarə edən prezidentlərin əksi təsirini bağışlayır. O ABŞ-ın Qərb müttəfiqlərinin narazılıqlarına baxmayaraq Rusiya ilə yaxınlaşmaq tərəfdarı kimi çıxış edir. Bu baxımdan əgər o inauqurasiya prosesindən sonra da Rusiya ilə yaxınlaşma siyasəti yeritsə və iki ölkə arasındakı ziddiyyətləri aradan qaldıra bilsə, onda istər Qərb istərsə də Şərqdə yeni siyasi, hərbi və iqtisadi vəziyyət əmələ gələcək. Bu baxımdan belə hesab edirəm ki, əgər ABŞ və Rusiya ortaq məxrəcə gələ bilsələr, onda Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunacaq. Ancaq münaqişənin bizim arzuladığımız şəkildə, yoxsa bu iki dövlətin bölgədəki maraqlarına uyğun həll edilib- edilməyəcəyini öncədən proqnozlaşdırmaq çətindir",-dedi.

DİGƏR XƏBƏRLƏR

Top