Xüsusi Təyinatlı Qüvvələrin giziri Əlizamin Ramazanlı - FOTOLAR


Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda başlayan 44 günlük Vətən Müharibəsində xüsusi cəsarəti, çevikliyi, şücaəti ilə seçilən qəhrəmanlarımızdan biri də Əlizamin Ramazanlıdır.
Yeniavaz.com xəbər verir ki, əslən Xocalı rayonunun Kosalar kəndindən olan şəhid Əlizamin Ramazanlı Umud oğlu 9 may, 2000-ci ildə Bərdə rayonu Şirvanlı kəndində anadan olub. 2006-2017-ci illərdə orta təhsilini Bərdədə yerləşən Şuşa rayonu 19 nömrəli tam orta məktəbdə alıb. Əlizamin Ramazanlı 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətə çağrılıb. Hərbi xidmətini 2019-cu ildə bitirib, yenidən ordu sıralarına qayıdır. Xüsusi Təyinatlı Qüvvələrdə hərbi qulluqçu kimi Zaqatala, Cəlilabad və Yevlaxda xidmət göstərib. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Füzuli və Hadrud rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrud uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldıb. Bərdə rayonunun Uğurbəyli qəbristanlığında dəfn edilib.
XTQ-in şəhid giziri haqqında məlumat verən əmisi qızı Aytac Ramazanova deyir ki, ailəsi onun kəşfiyyatçı olmasından xəbərsiz olub. Onlar Əlizaminin xüsusi təyinatlıların tərkibində qulluq etdiyini yalnız o, şəhid olduqdan sonra biliblər.
Komandirləri tərəfindən komandanın göyərçini, gözündən vuranı, ürəyi adlandırılan Əlizaminin şeir yazmağa da böyük həvəsi olub:
Şeir yaza bilirəm yoxsa yox,
Qələmin taqəti qurtarıb daha.
Deyir boş ver istəmir səni,
Qələm də istəmir onu sevməni.
Şəhidin ən böyük arzusu isə ad gününü ata torpağı Xocalıda keçirmək olub.
Azərbaycan Ordusunun giziri şəhid olduğu gün iş yoldaşını maşından düşürərək, özü onların yerinə keçib. Komandiri onun döyüşdən yeni gəldiyini bildirərək maşından düşməsini istəsə də, o, komandirinin sözünü dinləməyib. Yenidən döyüşə girib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğurunda gedən döyüş əməliyyatlarında göstərdiyi igidliyə və şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən gizir Ramazanlı Əlizamin Umud oğlu "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.




Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top