"O həddə gəlmişəm ki, özümü öldürəm" deyən qazi ilə bağlı "YAŞAT" Fondundan AÇIQLAMA – YENİLƏNİB


Məsələ ilə bağlı “YAŞAT” Fondundan Yeniavaz.com-a verilən açıqlamaya görə, şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzindədir:
"Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər "YAŞAT" Fondu tərəfindən qarşılanır. Abbasov Ruslan Mətləb oğlunun yashat.gov.az portalında qeydiyyata düşməsi üçün "YAŞAT" Fondunun 8110 "Çağrı" mərkəzinin əməkdaşları tərəfindən müvafiq köməklik göstərilib. 03.02.2021-ci il tarixdə isə onun tibb istiqaməti üzrə müraciətinə baxılması üçün tibb müəssisəsinə yönləndiriləcək. "YAŞAT" Fondu qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!”


***2 fevral, saat 17:15

“O həddə gəlmişəm ki, özümü asam, öldürəm. Artıq həyatdan bezmişəm. İşləyə bilmirəm, anam, yoldaşımı saxlaya bilmirəm. Evim başıma uçur, hara gedim?”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri yaydığı videomüraciətdə Vətən Müharibəsi qazisi Cəlilabad rayon Günəşli kənd sakini Abbasov Ruslan Mətləb oğlu deyib. O bildirib ki, səhhətinə görə heç yerdə işə götürmürlər və bununla bağlı YAŞAT Fonduna, Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etsə də heç bir faydası olmayıb:
“Sentyabr ayının 21-i döyüşlərdə iştirak etmək üçün çağrılmışam, oktyabr ayının 9-da yaralanmışam. Oktyabrın 24-də isə xəstəxanadan çıxıb evə gəlmişəm. Mən getdim “papanin”ə (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı). “Papanin”də mənə yazdılar ki, sizin sol tərəfiniz işləmir, sağ gözünüz görmür. Məni heç yerdə işə götürmürlər. Bir anam var, bir yoldaşım. Ailədə 3 nəfərik. Evim başıma uçur. YAŞAT Fonduna yazmışam və bütün məlumatları atmışam, maraqlanan yoxdur. Rayonun icra hakimiyəti də maraqlanmır.
İcra hakimiyyətinə getdim, soruşdum ki, niyə gəlib bizimlə maraqlanmırsınız? Gərək biz gəlib sizə dərdimizi-sərimizi deyək? Dedim sizin borcunuzdur. Dedim Ali Baş Komandan əmr edib, qazilərə qayğı göstərin deyə. O həddə gəlmişəm ki, özümü asam, öldürəm. Artıq həyatdan bezmişəm. İşləyə bilmirəm, anam, yoldaşımı saxlaya bilmirəm. Evim başıma uçur, hara gedim?”
YAŞAT Fondundan Yeniavaz.com-a bildirildi ki, məsələ araşdırılacaq.
Cəlilabad Rayon İcra Hakimiyyətinə etdiyimiz zənglər isə cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top