Bakı Nəqliyyat Agentliyinin rəsmisi: "Sərnişinlərin təhlükəsizliyi ilə bağlı heç bir güzəşt yoxdur"

8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib. İlk vaxtlarda "Baku Bus"un avtobuslarına qarşı insanların böyük rəğbəti var idi. Bu marşurutu görən hər kəs bizdə belə avtobus xidmətinin olmasına çox sevinirdi. Bunun əsas səbəbi sərnişin təhlükəsizliyinin yüksək səviyyədə olması idi. Elə indi də elədir. Sadəcə olaraq son vaxtlarda digər avtobuslar kimi "Baku Bus"un avtobusları da qəza törədir. Bunun səbəbi nədir? Niyə ilk vaxtlarda qəzalar demək olar ki yox idi amma indi artıb? "Yeniavaz.com" saytı bu sualı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə ünvanladıq. Agentliyin sözcüsü əvvəlcə bildirdi ki, ümumiyyətlə avtobus qəzaları ilə rastlaşanda fərqi yoxdur o "Baku Bus" və ya başqa şirkətin avtobusudur, hər ikisinin dövlət seriya nömrəsini götürərək bizə məlumat verin ki, dərhal tədbir görək: "Məsələn bir dəfə bizə şikayət daxil oldu ki, sürücü müəyyən olunmuş sürət həddini artırıb, sərnişinlərlə pis rəftar edib. Həmin sürücü dərhal işindən azad edildi. Xəzər televiziyası bizə video göndərmişdi ki, sürücü həm siqaret çəkir, həm də mobil telefondan istifadə edir. Həmin sürücü də dərhal işdən azad edildi. Bizə o məlumatlar daxil olan kimi, fakt təsdiqini tapdısa tədbir görürük. Bizdə sərnişinlərin təhlükəsizliyi ilə bağlı heç bir güzəşt yoxdur. Ümumiyyətlə təkcə bizim avtobuslar yox, digər marşurut xəttinin sürücüləri ilə bağlı da şikayətlər daxil olur. Bu problemlər o vaxt həllini tapacaq ki, Bakı Nəqliyyat Agentliyi vahid sürücü bazasını yaradacaq. Yəni, Bakı şəhərində marşurutda sürücü işləmək istəyən bütün sürücülər haqda məlumatlar həmin bazada olandan sonra biz daha da əmin olacağıq. Məsələn bir sürücü qayda pozuntusuna görə bir daşıyıcı şirkətdən çıxarılıbsa çox rahat başqasında gedib işləyə bilir. Çünki, məlumat yoxdur, heç kimin heç kimlə əlaqəsi yoxdur. Amma bundan sonra belə olmayacaq. Hər hansı səhvə görə işdən çıxarılan sürücü ümumiyyətlə daşıyıcı şirkətlərdə işləyə bilməyəcək. Bu baza yaradılandan sonra bütün şirkətlərə də qadağan ediləcək. Kim sürücü istəyirsə Bakı Nəqliyyat Agentliyinə müraciət edərək, ordan işə qəbul edəcək".

Marşurut xətti müəyyən olunanda avtobusun ölçüləri nəzərə alınır

Bakının bəzi küçələrində avtobusların dönməsi qəza şəraiti yaradır. Marşurut xətti müəyyənləşəndə avtobusların ölçülərinin nəzərə alınması ilə bağlı danışan M.Ağayev bildirdi ki, bəli, sürücülər bəzi yerlərdə avtobuslar dönərkən birinci yolda yox, ölçülərə görə ikinci yoldan dönürlər: "Marşurut xətləri açılanda şəhərsalma idarəsinin tələbləri nəzərə alınır. İndiki halda avtobusların qəza şəraiti yaratması qəbuledilməzdir. Bu yollara da baxış keçiriləcək, tərəfimizdən araşdırılacaq".

Dünən ölümlə nəticələnən qəza haqda danışan Mais Ağayevin sözlərinə görə, burada iki nəqliyyat vasitəsi toqquşub: "Bizi avtobus, digəri minik maşını toqquşub. Belə halda biz sürücü haqda tədbir görə bilmirik. Çünki, burada konkret cinayət faktı var. Ona görə bu işi hüquq-mühafizə orqanları araşdırır. Hüquq-mühafizə orqanları araşdıracaq, əgər doğurdan da sürücünün səhvi varsa, bu əmələ hüquqi qiymət veriləcək. Yox, əgər avtobus sürücüsünün səhvi yoxdursa, onda sürücü haqda tədbir görülməyəcək. Qəzalarda həmişə avtobus sürücüləri günahkar olmur".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top