Şadlıq evləri "qənaət rejimi"nə keçib, müştərilər soyuqdan donur

Ərzağın bahalaşmasından sonra menyunun qiymətini dəyişməsələr də, qidanın çəkisini və növünü azaldıblar.

Tarif (qiymət) Şurasının 2016-cı ilin noyabr ayında təbii qaz və elektrik enerjisinin qiymətinin qaldırılması haqqında qərarından sonra paytaxt ərazisində yerləşən restoranlar qənaət rejiminə keçiblər. Bu barədə bir neçə gün ərzində onlarla şikayət daxil olub.

Məlumata görə, kommunal qiymətlər bahalaşdıqdan sonra əksər şadlıq evləri və restoranlar demək olar ki, qızdırılmır. Belə ki, kombi sistemi söndürülür, yalnız kondisionerlər işlədilir ki, bu da içərini normal temperaturla təmin edə bilmir.

Bildirilir ki, məsələ bununla da bitmir. Restoranlar marketlərdə ərzağın bahalaşmasından sonra menyunun qiymətini dəyişməsələr də, qidanın çəki və növünü azaldıblar.

Səslənən iddiaları yerində araşdırmaq üçün şəhərdə yerləşən bir neçə restoranda olduq. Məlum oldu ki, gerçəkdən də restoranların bir çoxunda gözləmə yeri və zallarda temperatur göstəricisi xeyli aşağıdır. Maraqlı məqam ondan ibarətdir ki, kiçik restoranların, banket zallarının içərisi daha soyuqdur, nəinki iri restoranların.

600 nəfərlik zalı olan restoranın məsul şəxsi ilə söhbətimiz zamanı bildirdi ki, kombi və kondisionerdən istifadə edirlər. Zallar kondisioner vasitəsilə qızdırılır, digər yerlərdə də kombi yandırılır: “Bizdə istilik baxımdan hər hansı bir problem yoxdur. Qiymətlər bahalaşdıqdan sonra da heç bir dəyişiklik etməmişik. Əvvəllər olduğu kimi, indi də kombi sistemimizi işlədirik və nəinki gözləmə yerini, ayaqyolunu da istiliklə təmin edirik. Kombini toy olmadan bir gün öncədən yandırırıq və məclis başlayana qədər içəri qızır. Kondisionerləri də toy günü işlədirik. Yəni içəridə normal temperatur olur”.

Restoranın nümayəndəsinin sözlərinə baxmayaraq, biz koridorda heç də normal temperatur hiss etmədik...

Daxil olduğumuz digər restoranlarda da eyni halın şahidi olduq. Banket zallarının əksəriyyətində isə kombi sistemi yoxdur. Öyrəndik ki, bu cür yerlərdə zallar yalnız kondisionerlər vasitəsilə qızdırılır. Kondisionerin soyuq havada yaxşı işləmədiyini nəzərə aldıqda, qənaətə gəlmək olar ki, adamların soyuqdan şikayət etmələri əsaslıdır. Bu cür yerlərdə zal bir qədər isti olsa da, gözləmə yeri və restoranın digər hissələrində, necə deyərlər, soyuqdan dayanmaq olmur.

Müraciət edənlər bildirirlər ki, problem Sumqayıt şəhərində yerləşən restoranlarda daha qabarıqdır. Bildirilir ki, orada əksər restoranlarda, ümumiyyətlə, kombi sistemi işlədilmir. Yalnız zallarda kondisioner istifadə olunur ki, bu da təbii olaraq, içərini qızdırmır.

Bəs bu cür vəziyyətlərdə restoranlara güzəşt edilməlidirmi?

İqtisadçı Natiq Cəfərli bildirib ki, restoranlar xaricdə olduğu kimi müasir texnologiyalardan istifadə edə bilərlər: “Xidmət və istehsal sahələrində bir çox ölkələrdə güzəşt sistemi mövcuddur. Ancaq Azərbaycanın indiki reallığında inanmıram ki, Nazirlər Kabineti, yaxud da hökumətin müvafiq qurumları bununla bağlı addımlar atsınlar. Çünki elektrik enerjisinin və qazın qiymətinin qalxmasının səbəblərindən biri də məhz büdcədə yaşanan problemlərin həllinin bir qismini biznesin və əhalinin çiyninə qoymaq idi. Sadəcə, Azərbaycanda yeniliyə və yeni texnologiyaya marağı artırmaq lazımdır. Azərbaycanda ilin 365 gününün təqribən 300 günü günəşli keçir. Kafelər və restoranlar bundan istifadə etməlidirlər. Misal üçün, Türkiyədə dəniz sahilində yerləşən bir çox hotellərin, kafe və restoranların elektrik enerjisi günəş batareyaları vasitəsilə təmin olunur. Nəticədə heç bir ödəniş etmirlər. Hətta bunun üçün dövlətdən müəyyən təşviq proqramları çərçivəsində güzəştli kreditlər də alırlar. Yəni Azərbaycan hökuməti heç olmasa belə bir addım ata bilər. Kafe-restoranlara, fiziki və hüquqi şəxslərə bununla bağlı təşviq proqramları qəbul oluna bilər ki, uzunmüddətli və aşağı faizli kreditlər vermək vasitəsilə onların alternativ enerjilərdən istifadəsi təmin olunsun. Bu struktur qurulsa, hətta istehsal obyektlərinin belə uzun zaman öz enerjisini pulsuz şəkildə əldə etməsinə imkan yarana bilər”. "Yeni Müsavat" qəzeti.

DİGƏR XƏBƏRLƏR

Top