“Azərsu” abonentlərə müraciət etdi - 10 manatdan artıq...


“Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:
“Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər”.

Qeyd edək ki, bu gün  Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb. 

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması üçün bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik (əvvəlki tarif 35 qəpik), digər inzibati ərazi vahidləri üzrə 60 qəpik (əvvəlki tarif 30 qəpik), tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik (əvvəlki tarif 15 qəpik)səviyyəsində təsdiq edilib.



 

DİGƏR XƏBƏRLƏR

Top