YUNESKO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri ilə bağlı dəyirmi masa keçirilib

Yanvarın 26-da AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması və həmin kafedranın fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn Dəyirmi masa keçirilib. YUNESKO üzrə tanınmış mütəxəssislərin də qatıldığı Dəyirmi masada bu kafedranın yaradılması istiqamətində görülmüş işlərin yekunları və kafedranın fəaliyyət perspektivləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. Akademik bildirib ki, bu gün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları YUNESKO ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın yüksək səviyyədə olmasında Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun şifahi xalq ədəbiyyatı sənət və musiqi ənənələri üzrə Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan mədəniyyətinə məxsus muğam sənəti, aşıq sənəti, Novruz bayramı, Dədə Qorqud, tar və kamança ifaçılığı, çövkan oyunu, yallı sənəti, İçərişəhər kompleksi, Lahıc misgərlik sənəti və s. nümunələr YUNESKO-nun qorunan maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilib. Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması Azərbaycan – YUNESKO əməkdaşlığının növbəti bəhrəsidir. YUNESKO-da dastançılıq ənənəsi üzrə dünyada ilk kafedra olan “Aşıq Şəmşir” kafedrasına Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alınıb. Bunlardan YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Aşıqlar Birliyi, Bakı Beynəlxalq Muğam Mərkəzi, həmçinin Gürcüstan Sənət və Mədəniyyət Mərkəzi, Türkiyə Kürtürəl Araşdırmalar Vəqfi, Tbilisi Dövlət Universiteti, Almaniya Veymar Universiteti, Fin Xalq Musiqisi İnstitutu, Misir Mənsura Universiteti, Tunis Universiteti, Qazaxıstan Nazarbayev Universiteti və s. kimi qurumların adını çəkə bilərik. Fürsətdən istifadə edib həmin qurumların hamısına dərin minnətdarlığımı bildirirəm.


Akademik çıxışında kafedranın niyə məhz “Aşıq Şəmşir” adlanması ilə bağlı suala da aydınlıq gətirib. Bildirib ki, əvvəla, Aşıq Şəmşir görkəmli el sənətkarıdır. O, klassik aşıq sənəti ilə çağdaş aşıq sənəti arasında mənəvi körpü olan böyük xalq ozanıdır. Bu sənətkarın irsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin səmərəli fəaliyyəti sayəsində YUNESKO səviyyəsində tanınır və qəbul olunur. Kafedranın “Aşıq Şəmşir” adlanmasının digər səbəbi isə Qarabağı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi öyrənmək və dünyada təbliğ etmək məqsədi daşıyır. 30 ilə yaxın bir müddətdə davam edən və 44 günlük döyüşlərdən sonra Azərbaycan ordusunun şanlı qələbəsi ilə sona çatan Qarabağ mücadiləsi Qarabağ folklorunu əsaslı şəkildə araşdırıb özümüzə və dünyaya daha yaxından tanıtmağı bir vəzifə kimi qarşımıza qoyur.
Sonra Muxtar İmanov sözü AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə verib. Akademik ilk öncə “Aşıq Şəmşir” kafedrasının yaranması münasibəti ilə Folklor İnstitutunun kollektivini və elmi ictimaiyyəti təbrik edib. İsa Həbibbəyli sözügedən kafedranın YUNESKO-da qeydiyyatdan keçməsini önəmli mədəni hadisə kimi qiymətləndirib.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qədim köklərə   malik   Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq   Şəmşirin   rolundan bəhs edib. Bu kafedranın Azər­baycan xalq musiqisini, xalq dastanlarını, xüsusən Qarabağın şifahi xalq ədəbiyyatını və musiqisini, o cümlədən Aşıq Şəmşir irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq bir mərkəz olacağına ümid bəslədiyini bildirib.

alt text

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması münasibətilə tədbir iştirakçılarını təbrik edib, kafedranın Azərbaycanın xalq musiqisi və dastançılıq ənənələrinin dünyada tanıdılmasına və YUNESKO kafedraları arasında əməkdaşlığa xidmət edəcəyini bildirib. Məşhur saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedranın dastançılıq ənənələri üzrə dünyada ilk YUNESKO kafedrası olduğunu qeyd edən E.Sultanov, dövlət siyasətinin prioritetlərinə cavab verən bir sıra yeni istiqamətlər üzrə YUNESKO kafedralarının sayının artırılması istiqamətində iş aparılmasının Milli Komissiyanın fəaliyyətində əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş katib, Azərbaycanın bu gün YUNESKO-nun etibarlı tərəfdaşına və donor dövlətinə çevrildiyini bildirib, YUNESKO ilə əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin təşviq edilməsində, eyni zamanda, mədəni irsimizin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğu­layıb. YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siya­hısı”na daxil edilmiş “Azərbaycan muğamı” (2008), “Azərbaycan aşıq sənəti” (2009) və “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018) nominasiyalarından danışan E.Sultanov, yeni yaradılan kafedranın bu sadalanan mövzuları özündə ehtiva etdiyini bildirib. O, ölkəmizin zəngin qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq aləmdə tanıdılması və təşviqi baxımından, Folklor İnstitutunda Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaradılmasının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  Aparat rəhbəri Vasif Eyvazzadə kafedranın gələcək fəaliyyətində Folklor İnstitutuna uğurlar diləyib.

Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək kafedranın yaradılmasında əməyi olan hər kəsə, xüsusilə YUNESKO-nun şifahi xalq ədəbiyyatı və musiqi ənənələri üzrə Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı öz nitqində bu əlamətdar hadisənin əslində böyük bir elm bayramı olduğunu vurğulayıb, Azərbaycan aşıq sənəti ənənələrinin   davam   etdirilməsi və zənginləşməsində Aşıq Şəmşirin böyük   əməyi olduğunu qeyd edib. Dədə Şəmşirin bütün Azər­baycana daha yaxından tanıdılmasında aşıqşünas alim Əminə Eldarovanın əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.

YUNESKO üzrə Türkiyə Çümhuriyyəti Milli Komissiyasının baş katibi Prof. Dr. Öcal Oğuz və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Metin Ekicinin çıxışlarında Azərbaycan və türk aşıqlarının qarşılıqlı əməkdaşlığının vacibliyi və bunun böyük fayda verəcəyi vurğulanıb.

alt text

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO üzrə nümayən­dəsi Fazil Qasımov Aşıq Şəmşir irsinin əhəmiyyətindən bəhs edib, Folklor İnstitutuna gələcək işlərində uğurlar arzulayıblar.

Çıxışçılardan AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlı və AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy “Aşıq Şəmşir” kafedrasının yaradılmasını böyük elmi-mədəni hadisə kimi dəyərləndirib, bu kafedranın gələcək fəaliyyət perspektivləri ilə bağlı təkliflərini irəli sürüblər.

DİGƏR XƏBƏRLƏR

Top