Azərbaycanda 1918-ci ilə aid baş bəzəyi yenidən bərpa olunub - FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadır. Muzeydən Yeniavaz.com saytına verilən məlumata görə, onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş "başlıq"dır: "Başlığ"ın alınlıq hissəsi qarasavat işləmə texnikası ilə nəfis bitki naxışlarla, arxa hissəsinin zəncirlər silsiləsi isə gümüş sikkələr və incə asma qozalarla bəzədilmişdir. Alınlıq hissənin daxili hissəsində h. "1337" (m. 1918/1919) tarixi həkk edilmişdir. Bu da öz növbəsində zərgərlik nümunəsinin hazırlanma tarixi dəqiqləşdirməyə əsas verir.

Muzeydə mühafizə olunan digər maddi-mədəniyyət nümunələri kimi "başlığ"ın da gələcək nəsillərə ötürülməsi üçün xüsusi diqqət ayrılmışdır. Belə ki, zərgərlik nümunəsi Bərpa laboratoriyasının bərpaçı-dizayneri V. Xüdaverdiyev tərəfindən bərpa və konservasiya olunmuşdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top