Dilçilik İnstitutu Qulu Məhərrəmlinin tənqidinə cavab verdi - YENİLƏNİB


Jurnalist, media eksperti Qulu Məhərrəmli AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyəti dayandırmasına etiraz edib.

O, kompüterlərin söküldüyünü, otağın isə hansısa şuraya verildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu APA-ya deyib ki, ötən ilin sentyabrında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılması ilə əlaqədar İnstituta aid 3 otaq müvəqqəti olaraq Monitorinq Mərkəzinə verilib: “Monitorinq şöbəsinin müdiri, şöbənin aparıcı elmi işçisi və “Qaynar xətt”ə baxan şəxs Monotorinq Mərkəzində çalışmağa başladı. Pandemiya olduğundan onsuz da “Qaynar xətt”ə zəng edən yox idi. Bir müddət çətinliyimiz oldu. Ancaq yaxın vaxtlarda “Qaynar xətt” yenidən işə düşəcək, heç bir problem yoxdur. Kompüterlə bağlı da problem yoxdur, bir otaqdan digərinə köçürülüb. “Qaynar xətt”ə aid olan prosessor, kompüter, aparatlar Monitorinq şöbəsindədir. Bu, sırf pandemiya və otaq çatışmazlığı ilə bağlı idi”.
M. Nağısoylu qeyd edib ki, artıq İnstitutun Monitorinq şöbəsinə yeni rəhbər də təyin olunub. Şöbənin rəhbəri vəzifəsinə İnstitutun əməkdaşı Ruslan Abdullayev gətirilib.

***15:30
"AMEA-nın Dilçilik institutundakı “qaynar xətt”in fəaliyyəti  dayandırılıb, sistem ləğv edilib, kompüterlər sökülüb, otaq da hansısa şuraya verilib".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasını sərt tənqid edən dilçi alim, BDU-nun professoru Qulu Məhərrəmli özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, sözügedən “qaynar xətt” Azərbaycan dilini inkişaf etdirməklə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı “Dövlət Proqramı”nın konkret bəndinə (6.1.5) uyğun olaraq çox böyük əziyyətlə yaradılmışdı:
“İşlər mərhum akademik Tofiq Hacıyevin rəhbərliyi ilə aparılmışdı. İndi başqa akademiklər - AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və instititun direktoru Möhsün Nağısoylu müasir texnoloji sistemdən dilimizin tərəqqisi üçün istifadə etmək əvəzinə onu dağıdırlar. 
Mən dövlətin müasir dil quruculuğu siyasətinə, “Dövlət Proqramı”nın tələblərinə zidd olan bu addımı Ana dilimizə qəsd və bağışlanmaz cinayət hesab edirəm. Güman edirəm ki, media da, ziyalılar da, AMEA rəhbərliyi də bu məsləyə biganə qalmayacaq”.
Məsələ ilə bağlı AMEA-nın mətbuat şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top