"5 saniyənizi ayırıb "Amin" yazın"

Gündəmdə olan mövzulara hər bir sosial şəbəkə istifadəçisi öz fikrini bildirə bilər. Zövqlər müxtəlif olduğu kimi, fikirlər də müxtəlifdir. Lakin bəzən müzakirə adı altında həqiqətəuyğun olmayan fikirlərə də rast gəlirik. Bəs sosial şəbəkələrdə gündəmdə olan müzakirələr necə aparılsa, daha doğru olardı?

Sosioloq Cavid İmamoğlu mövzu ilə bağlı "Yeniavaz.com" saytının sualını belə cavablandırdı: "Sosial şəbəkə üzərindən aparılan ünsiyyət son dərəcə əhəmiyyətlidir. Bəzi insanlar sosial şəbəkədə ünsiyyətin vacibliyini ciddiyə almırlar və düşüncələrini paylaşarkən ünsiyyət qaydalarını gözləmirlər. Təbii ki, ünsiyyət özü bir bacarıqdı və hər kəs bu bacarığa yiyələnməyib. Məsələn, tənqid etmək, adekvat cavab vermək və ya nə düşündüyünü ifadə etmək kimi ünsiyyət formalarına diqqət etmək lazımdır. Hər bir kəs ünsiyyətə girərkən ilk növbədə anlamalıdır ki, onun vermək istədiyi mesajlar qarşı tərəfi təsirləndirməlidir. Çünki, biz ünsiyyəti necə qururuqsa, bir o qədər də diqqət görürük və ya əksinə, diqqətsiz qalırıq. Odur ki, sosial şəbəkədə status yazarkən, rəy bildirərkən diqqətli olmalıyıq və anlamalıyıq ki, biz öz sosial statusumuzu ortalığa qoyaraq müzakirələr edirik. Ona görə etik kodeksi aşmamaq, ünsiyyət prosesində qarşılıqlı nəzakəti gözləmək və s. bacarıqları istifadə edərək dialoqa girməliyik".

Zahir Əzəmət (şair): "Sosial şəbəkələrdə müzakirə açmaq kütləyə oynamaq deməkdi. Kütlə də həmin müzakirəni öz səviyyəsinə - qeybət janrına çevirəcək. Müzakirələr peşəkarlar arasında və peşəkar müstəvidə açılmırsa, o artıq müzakirə yox, elə qeybətdir".

Sərdar Amin (yazıçı): "Öncə ondan başlayım ki, artıq sosial şəbəkələr Azərbaycanda da öz sözünü deyə bilir. Bu günədək TV-lər ölkənin informasiya gündəmini müəyyən edirdisə, bu gün sosial şəbəkələr - Azərbaycanda ələlxüsus da "facebook" - TV-lərə gündəm diqtə edir. Yəni, sosial şəbəkələrdə partlayan əksər mövzuları televiziyalar bu və ya başqa formada tirajlamaq məcburiyyətində qalır. Məsələn, ən son gündəmimiz olan Quba məhkəməsində baş verən 10 yaşlı Nuray olayı... Hadisə bir ay əvvəl baş vermişdi, amma çəkilən video sosial şəbəkədə paylaşıldığı gün artıq ölkə əhəmiyyətli hadisəyə çevrildi, çox güman ki, lazımi yöndə də həllini tapacaq. Bu, ürəkaçan məqamdır. Bu mövzuların müzakirə formasının necəliyinə gəlincə, bunun üçün daha praqmatik bir üsul ağlıma gəlmir. Yəni, fərdlərin meydanı olduğuna görə müzakirə fərdlərin ətrafında və dostları arasında baş verir. Təbii ki, əksər böyük "facebook" səhifələri düşük paylaşımlarını daha əhəmiyyətili mövzulara kökləsə, onları sorğu şəklində təqdim edib, istifadəçilərin rəyini alsa, daha dürüst olar. Amma bu səhifələr hələ də "Allah ermənilərin bəlasını versin! 5 saniyənizi ayırıb "Amin" yazın" statuslarından irəli gedə bilmir".

Günay Ümid (şairə): "Gündəmdə olan mövzularla yanaşı, sosial şəbəkələri hər kəs öz gündəmindəki durumu kimi istifadə edir. Ümümiyyətlə, ictimayyiətə təqdim olunan istənilən mövzunun müzakirəsi maarifləndirici və səviyyəli şəkildə olmalıdır. Əgər qabardılası hansısa mövzunun müzakirəsi sərtdirsə, daha həssas yanaşmaq lazımdır".

Rövşən Danyeri (yazıçı): "Cəmiyyət olaraq bizim müzakirə mədəniyyətimiz hələ formalaşmayıb. Bu nəinki sosial şəbəkələrdə, həm də real həyatda da belədir. Sanki biz müzakirənin "fikir alış-verişi" olduğunu unuduruq. Daha çox "mən səndən daha da ağıllıyam" çərçivəsində aparırıq. Bunun da adı "müzakirə" yox, "mübahisə"dir ki, bunun da heç bir şeyə xeyri yoxdur. Sosial şəbəkələr əslində cəmiyyətin güzgüsüdür. Biz neçə varıqsa, bu güzgüdə də eləcə əks olunuruq. Eləcə də müzakirə mədəniyyətimiz".

Əhməd Həsənov (fəal sosial şəbəkə istifadəçisi): "Hər kəs hansısa məsələyə öz fikrini bildirə bilər. Tutaq ki, bəziləri Nurayın atasını əclaf da çıxartdılar. Bunlar da normaldır".

Hamlet Miriyev (jurnalist): "Sosial şəbəkələrdə gündəmdə olan mövzular daha adekvat və qərəzsiz aparılmalıdır. İstənilən halda bütün məsələlərə birmənalı şəkildə daha obyektiv yanaşılmalı, təhqirdən uzaq, sağlam məntiqə söykənən müzakirə olmalıdır. Təəssüf ki, bu gün Azərbaycanda hətta cəmiyyətin qanayan yaralarının belə müzakirələri gülüş obyektinə çevrilir. Bu mənada sağlam müzakirəyə daha az rast gəlinir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top