Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan qadağa ilə bağlı videokonfrans keçirilib


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-dan Yeniavaz.com-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.

Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli Qazaxıstanla yanaşı 2020-ci ildə dünyanın bir çox ölkələrinə ixrac olunan pomidor məhsulunda məhdudiyyətin tətbiq olunması üçün əsas gətirilən virusun aşkarlanmadığını diqqətə çatdırıb. Q. Təhməzli yük partiyalarından götürülən nümunələrin Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, həmçinin Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda təkrar müayinələrə cəlb olunduğunu və qeyd olunan virusun aşkarlanmadığını bildirib.

Görüşdə istixanalarda aparılan monitorinqlərin nəticələri və iddia olunan virusun aşkarlanmadığını əks etdirən sənədlərin Qazaxıstan tərəfinə göndərilməsi, həmçinin Azərbaycandan bu ölkəyə idxal olunan pomidor məhsulu partiyaları üzərində əlavə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub.

İki ölkə arasında bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top