"Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi" - Peyvənd olunan həkimlərin fikirləri


Azərbaycanda bir neçə tanınmış həkim koronavirusa qarşı peyvənd olunub.
Yeniavaz.com
sözügedən həkimlərin vaksinasiyadan sonra özlərini necə hiss etmələri ilə bölüşdükləri fikirləri təqdim edir:
Uroloq-cərrah Vasif İsmayıl koronavirusa qarşı peyvənd olunduqdan 2 gün sonra bildirib ki, onda heç bir dəyişiklik yoxdur: “Maska taxmağa və sosial məsafə gözləməyə davam edəcəyəm. Niyə?
1. Peyvənd hələ qoruyucu təsirini başlamayıb. İki-üç həftəyə ancaq yaranar. Bir də əsas qoruma ikinci dozadan yeddi gün sonra yaranır. Buna isə hələ çox var.
2. Peyvənd olunsam da, əgər cəmiyyətdə peyvəndlənmiş insan nisbəti 60%-dən azdırsa, yoluxma ola bilər”.
O, koronavirus peyvəndindən 4 gün sonra hiss etdiklərini belə ifadə edib: “Vallah, dişə dəyəcək bir simptom yoxdur. Amma bəzi insanlarda qan təzyiqini yüksəldə bilirmiş”.
Pediatr Aytən İsmayılzadə özünü ilk bir neçə dəqiqə ərzində yaxşı hiss etdiyini qeyd edib:
“Əlbəttə ki peyvənd oldunduqdan dərhal sonra heç bir reaksiya olmamalıdır. Çünki bunun qana sovrulmağı və orqanizmin reaksiya verməsi üçün zaman lazımdır. Əgər kimsə iynə vurulandan bir neçə saniyə sonra pis hiss edərsə bu daha çox panikaya bağlı olan bir haldır. Lakin peyvən olunan şəxslər yarım saat ərzində nəzarətdə saxlanılırlar və özlərini yaxşı hiss etdikləri təqdirdə yola salınırlar”. 
Tibb elmlər doktoru, professor Adil Qeybulla peyvənd vurulduqdan 16 saat sonra hiss etdiklərini izləyicilərlə bölüşüb. O  bildirib ki, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur:
“Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyildir. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.
Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılmışdır. Dəyərli soydaşlarım! Bu reallıqları nəzərə almaq gərəkdir. Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatı yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı...Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kompaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.
Radioloq Aydın Əliyev bildirib ki, səhər tezdən azca başım ağrıyırdı, peyvənd etdirəndən sonra keçdi:
“Peyvənd edilmiş insan peyvənd edilmiş ağac kimidir, meyvələri dadlı olur. Maskanın qulağınızın arxasını narahat etməsindən canınızı qurtarmaq istiyirsinizsə, peyvənd olunun”.
Anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, narahatçılığa heç bir əsas yoxdur:
“Mən də vaksin vurdurdum. Bəziləri inanmır ki şprisdəki vaksin idi. Zarafatla deyirlər ki, yəqin vitamin vurdurmusan. Mən də eyni tərzdə cavab verirəm: Heç mən sizə yalan deyərəm? Hippokratın goruna and olsun ki, şprisdəki vaksin idi. İndi inandınız?
Bu günə qədər yüzlərlə koronaviruslu xəstə ilə işlədim, amma özümü qorumağı bacardım və vaksinasiya prosesinə sağ-salamat gəlib çata bildim.
Çox adam sosial şəbəkədə həyəcanla soruşur ki, “ay doktor, peyvəndləmədən sonra necəsiz?”. Sanki çoxu gözləyir ki, vaksindən sonra bir-iki günə pisləşəcəm. Sağ-salamatam, narahat olmayın”.
Həkim onu da qeyd edib ki, vaksindən sonra hələ immunitetin əmələ gəlməsi üçün minimum bir ay lazımdır: “Arxayınlaşmaq, ehtiyatı əldən vermək olmaz. Vaksin ideal qoruma vasitəsi olmasa da, hazırda koronavirusa qarşı tətbiq edə biləcəyimiz başqa seçim yoxdur. Türkiyədə artıq yüz minlərlə insan peyvənd olunub, ciddi fəsadlar yaşansaydı, rəsmi açıqlama verilməsə belə, insanlar sosial şəbəkədə paylaşardı”.
Nevroloq Babək Aslanov bildirib ki, yayda virusa yoluxsa da, yüngül keçirdiyindən antitellər yaranmayıb və buna görə peyvənd olunaraq, yaxşı və uzun müddətli antitel yaranacağına ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top