Yumşalmalar bizi arxayınlaşdırmamalıdır


Bu gündən bir sıra iş yerlərinin fəaliyyətinə icazə verilir. Dövlət koronavirusla mübarizədə hərtərəfli zəruri tədbirlər görür, maarifləndirmə işləri aparır, yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlərini davam etdirir. Bütün görülən işlər öz nəticəsini verməkdədir. Bu gün də fəaliyyətinə icazə verilən bir sıra iş yerləri artıq fəaliyyətə başlayıb. Bununla bağlı Mingəçevirdə həm fəaliyyətinə icazə verilən iş yerləri ilə, həm də şəhər sakinləri ilə müəyyən edilmiş qaydalara necə əməl etdiklərini öyrəndik. Şəhər sakinləri yumşalmalar onları arxayın salmamalı olduğunu bildirdi və  insanların çox olduğu kütləvi yerlərdə qoruyucu maska taxmaları, sosial məsafəni gözləmələri olduqlarını bildirdilər. Şəhər sakini Dilgüşə Ahəngəri deyir: "Bu gün bəşəriyyət amansız pandemiya ilə mübarizədə virusa yoluxmanın qarşısını almaq üçün çıxış yolları axtarır. Biz də vətəndaş olaraq, dövlətimizin apardığı bu mübarizədə onun yanında olmalıyıq. Bunun üçün isə çox şey tələb olunmur: Can sağlığımızı, yaxınlarımızın səhhətini qorumaq üçün sosial məsafə saxlamalı, qoruyucu maskadan və gigiyenik vasitələrdən istifadə etməliyik. Yəni bu yumşalmalar bizi arxayən salmamalıdır. Artıq peyvəndləmə işlərinə də start verilib, biz də öz növbəmizi gözləyirik ki, peyvənd olunaq”.
Fəaliyyətinə icazə verilən iş yerlərindən biri də muzeylərdir. Mingəçevir Tarix muzeyinin direktoru Nöfər Məmmədəliyev bildirdi ki, pandemiya ilə əlaqədar olaraq muzeylər, sərgi salonları fəaliyyətini dayandırmışdı: ”Şükürlər olsun ki, bu gündən vəziyyət yüngülləşib, biz də bu gündən işçilərin 30 % olmaqla ruh yüksəkliyi ilə işə gəlmişik və ziyarətçilərimizi gözləyirik. Bu gündən muzeyimizə bir neçə ziyarətçilərimiz də gəlib artıq. Onu da deyim ki, pandemiya dövründə muzey işçiləri boş dayanmayıblar, demək olar ki, verilən 3 saatlıq icazədən istifadə edərək muzeyimizə eksponat toplanışı davam edib və bir sıra yeni eksponatlar toplamışıq. Çalışırıq ki, muzeyin fondunu zənginləşdirək və bu yöndə də xeyli işlər görülür”.
Ziyarətçi Günel xanım Aydınova muzeyi ziyarət edib və öz təəssüratlarını da bizimlə bölüşdü: ”Uzun zaman idi pandemiya ilə bağlı hər yer bağlı idi, bu gün muzeyə ilk gələnlərdən biri də mən oldum. Mən həmişə övladlarımı muzeylərə, sərgi salonlarına aparıb eksponatlarla tanış edirəm. Çox xoş oldu ki, bu kimi sahələrin fəaliyyəti bərpa edildi. Asudə vaxtlarımızı səmərəli keçirmək üçün bu kimi yerlərin açılması məqsədəuyğundur”. 
 Qeyd edək ki, vətəndaşlarımızın yalnız məsuliyyətli davranışı onları və ətrafını pandemiyadan qoruya bilər. Ümid edir və inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin səmərəli fəaliyyəti nəticəsində COVID-19 təhlükəsi sovuşacaq, əvvəllər olduğu kimi, həyat öz axarı ilə davam edəcək, müxtəlif mədəni-kütləvi tədbirlərə evsahibliyi edəcək, qapılarımızı könül xoşluğu ilə sevimli tədbir iştirakçılarının üzünə açacağıq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top