Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərən şəhid zabitimiz Bəhruz Abuşov - FOTOLAR


"Biz onunla çox yaxın olmuşuq. Amma həyat yoldaşı daxil, heç birimizin yanında işindən bir kəlimə belə danışmayıb. Onu həmişə bağlı qutu adlandırırdıq. Təəssüf ki, elə sirli qutu kimi də dünyasını dəyişdi".

Bu sözləri şəhid polkovnik-leytenat Bəhruz Zabit oğlu Abuşovla bağlı Yeniavaz.com-a danışan əmisi oğlu Eltun Abuşov deyib.
Onun sözlərinə görə Azərbaycan Ordusunun zabiti çox həssas, tabeliyində olan əsgərlərə qarşı sevgi dolu olub:
"Bəhruz hərbi hissə komandiri işlədiyi vaxtlar cavabdehlik onda olduğu gecələr bir-bir əsgərlərinin üstünə baxır, onların üstünü şəxsən özü örtürdü. Maaşından tez-tez əsgərlərə əlavə qida və şirniyyat alırdı. Hərbçi yoldaşları deyirdi ki, əsgər və zabitlər həmişə Abuşovla eyni növbəyə düşmək istəyirdilər. Üzündə zəhmlə gülüşün qeyri-adi ahəngi vardı. O, bütün əsgərlərinə övladı kimi yanaşırdı. Əsgərlər də çəkinmədən ona müraciət edir, öz sözlərini rahat deyə bilirdi. Əsgərlərinin məzuniyyəti bir gün belə gecikə bilməzdi. Heç vaxt kiminsə xətrinə dəyməzdi. Bəhruz bütün əsgərlərinin adını və soyadını əzbər bilirdi”.

Abuşov Bəhruz Zabit oğlu 1983-cu il iyun ayının 18-də Qəbələ rayon Nohurqışlaq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Hərbi Akademiyaya daxil olub. Türkiyədə xüsusi kurslar keçərək yarışlarda medallar qazanıb. Akademiyanı bitirdikdən sonra 2005-ci ildə N saylı hərbi hissədə işləməyə başlayıb. 2010-cu ildə Qobustanda N saylı hərbi hissədə Kimya xidmət rəisi vəzifəsində işləməyə başlayıb. Bir müddət Qobustanda yerləşən N saylı hərbi hissə komandiri vəzifəsində çalışıb.

Şəhidin əmisi oğlu deyir ki, o heç vaxt işindən danışmadığından Bəhruz Abuşov haqqında aldıqları məlumatlar hamısı onun tabeliyində olan əsgər və zabit yoldaşları tərəfindən danışılmış kiçik xatirələrlə məhdudlaşır:
"2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Bəhruz əsgərləri ilə birlikdə ön sırlarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər. 2020-ci ilin oktyabrında müharibə zamanı polkovnik-leytenant rütbəsi alıb. Bəhruz Vətən müharibəsində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb, yenidən döyüş bölgəsinə qayıdıb. Hərbçi yoldaşları təkidlə ona “sağalmadan döyüş meydanına qayıtma” desələr də o, “mən əsgərlərimi və zabit yoldaşlarımı orda tək qoya bilmərəm”-deyə cavab verirdi. Əslində Bəhruzun hərbdə işi sırf döyüş meydanı ilə bağlı deyildi. O kimya xidmət rəisi idi. Amma "müharibədə hər kəs sıravi əsgərdir" deyərək yaralı-yaralı Şuşa uğrunda gedən döyüşlərə qatılıb. Şuşada yaralıların daşınmasında və açıq döyüşlərdə xüsusi fəallıq göstərib. Döyüş yoldaşları Şuşadakı xüsusi şücaətinə görə Bəhruza “Şuşa qartalı” adı veriblər".

Eltun Abuşovun sözlərinə görə Azərbaycan Ordusunun şəhid zabiti səcdə formasında şəhadətə ucalıb:
"Şuşa tamamilə azad olunduqdan sonra ermənilər yenidən ordu yığaraq, Şuşanı geri qaytarmaq üçün Laçın istiqamətindən ağır artilleriya ilə hücuma keçmək istəyiblər. Amma Bəhruz və onun silahdaşları həmin dəstəni darmadağın ediblər. Hücum sırasında Bəhruzgil yüksəklikdə olub. Döyüş tamamilə bitdikdən sonra ya komandir ya da yoldaşlarından kimsə uşaqlara tapşırıb ki, "gedin Bəhruza deyin, hər şey bitib, düşmən tamamilə məhv edilib, qayıdıb gəlsin". Amma əsgərlər ona yaxınlaşanda görüblər ki, Bəhruz sanki səcdə edirmiş kimi yerdə qalıb, şəhid olub. Bir şeyi də qeyd edim, qohumlar Bəhruzun nəşini Füzulidən götürməyə gedəndə eşidib ki, oradakılar onun cənazəsini “Şuşa qartalı hardadır? "-deyə axtarıb ağlayırlar. Bəhruzun şəhid olmasından bir neçə saat sonra atəşkəs imzalandı və hamı qələbə sevincinə büründü. Buna görə də indi Qəbələ camaatı, “Polad Həşimovla başlayan müharibə Bəhruz Abuşovla bitdi" -deyir.
Şəhid zabit özünü daim xüsusi təyinatlıların sırasında görmək istədiyi üçün nəhayət bu istəyini 2017-ci ildə reallaşdırıb. Hərbi hissə komandanlığı vəzifəsindən Yaşmadakı N saylı hərbi hissəyə kimya xidmət rəisi vəzifəsinə təyin alıb. Bu yaşda xüsusi təyinatlıların cərgəsinə keçmək nadir hallarda baş versə də Bəhruzun şəxsi işi və keçdiyi hərb yolu onun istəyinə nail olmasına köməklik edib.

2020-ci ilin oktyabrında mayor Abuşova polkovnik-leytenant rütbəsi verilib. O, xidmət etdiyi vaxtlarda, Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı,
Azərbaycan Respublikası "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" 10 illiyi (1991-2001) yubiley medalı,
Qüsursuz xidmətə görə medalı - 1-ci dərəcə, 2-ci dərəcə, 3-cü dərəcəli medalları ilə təltif olunub.
Şəhid polkovnik-leytenat Bəhruz Abuşov evli idi, yeddi yaşlı oğlu, üç yaşlı bir qızı var.
Qeyd edək ki, polkovnik-leytenant Bəhruz Abuşov işğal altında olan torpaqların azad olunmasına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən şəhadətindən sonra 15 dekabrda, "Vətən uğrunda" medalı, 25 dekabrda "Cəbrayılın azad olunmasına görə" medalı,
29 dekabrda isə "Şuşanın və Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!



Aygün Zayıdova
 

DİGƏR XƏBƏRLƏR

Top