Azərbaycanda ən aşağı və ən yüksək rüsumlar – 5 qəpikdən 1 milyona kimi…


Məlum olduğu kimi, dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) müxtəlif rüsumlat ödənilir.
Yeniavaz.com
xəbər verir ki, “Dövlət rüsumu” haqqında Qanuna əsasən müəyyən edilən rüsumlar məbləğinə görə bir-birindən fərqlənir.
Mövcud qanunvericiliyə görə, hazırda  ən aşağı rüsum heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə tətbiq olunur. Qeyd olunan aktın verilməsi və nişanın qoyulmasına görə 5 qəpikdən  5 manatadək rüsum alınır.
Qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsinə (hər bir daş üçün) görə alınan rüsumun məbləği 20 qəpik təşkil edir.
Bunlardan başqa aşağı məbləğli rüsumlar arasında sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi (hər səhifəyə görə 1 manat), çeklərin dövlət reyestrinə daxil edilməsi (hər bir çek kitabçası üçün – 1 manat) yer alır.
Bundan başqa sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat alınır.Çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 50 qəpik ödənilir.
“Dövlət rüsumu” haqqında Qanuna əsasən ən yüksək məbləğdə rüsum 1 000 000 manata bərabərdir. Qeyd edək ki, bu rüsum sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) göstərə bilmək üçün sahibkarlara verilən lisenziyaya görə alınır.
Bundan başqa ümumrespublika televiziya yayımı üçün 50 000 manat, ali təhsil müəssisələri üçün 20 000  manat, orta ixtisas təhsili müəssisələri üçün 12 000 manat rüsum ödəmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top